Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İrəvanda keçirilən Avropa Siyasi İcmasının sammiti çərçivəsində baş tutan brifinqdə ABŞ-nin Almaniyadan öz qoşunlarını çıxarması qərarının gözlənilməz olduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bir müddət əvvəl Pentaqonun rəsmi nümayəndəsi Şon Parnell 6-12 ay ərzində Almaniyadan 5 min amerikalı hərbçinin çıxarılacağını təsdiqləyib.
Kallasın sözlərinə görə, ABŞ qoşunlarının Avropadan çıxarılması məsələsi uzun müddətdir müzakirə olunsa da, bəyanatın özü qəfil səslənib. O vurğulayıb ki, Amerika hərbçiləri Avropada təkcə yerli maraqları deyil, həm də Birləşmiş Ştatların öz maraqlarını qorumaq üçün mövcuddur.
Məsələ ilə bağlı Almaniya kansleri Fridrix Mers də açıqlama verərək, qoşunların bir hissəsinin çıxarılmasının çoxdan müzakirə edildiyini xatırladıb.
Onun sözlərinə görə, söhbət ABŞ-nin sabiq prezidenti Co Baydenin Almaniyada müvəqqəti olaraq yerləşdirdiyi kontingentdən gedir. Mers həmçinin ABŞ administrasiyasının bu addımı ilə onun ABŞ prezidenti Donald Tramp arasında İran müharibəsi ilə bağlı yaranmış qiyabi diskussiya arasında hər hansı əlaqənin olmasını təkzib edib.