Avropa İttifaqı (Aİ) ABŞ-nin avtomobil və yük maşınlarına tətbiq olunan gömrük rüsumlarını 25%-ə qaldırmaq təhdidinə reaksiya verərək bütün variantların masada olduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Aİ Komissiyasının sözçüsü Thomas Regnier bildirib ki, bu cür təhdidləri ilk dəfə görmürlər.
Regnier vurğulayıb ki, Aİ-nin ABŞ-yə verə biləcəyi mümkün cavablarla bağlı spekulyasiya etməyəcəklər:
“Bütün variantlar masadadır dedikdə, bu, həqiqətən bütün variantların nəzərdə tutulduğu deməkdir”.
O, hər hansı təhdidi eskalasiya etdirmək istəmədiklərini bildirib və əlavə edib ki, Aİ Komissiyasının ticarət üzrə məsul üzvü Maros Sefcovic bu məsələ ilə bağlı intensiv təmaslar aparır və mayın 5-də Parisdə ABŞ Ticarət Nümayəndəsi Jamieson Greer ilə görüşəcək.
ABŞ prezidenti Donald Tramp cümə günü ticarət razılaşmasına əməl olunmadığını əsas gətirərək Aİ mənşəli avtomobil və yük maşınlarına tətbiq edilən gömrük rüsumunun 25%-ə qaldırılacağını elan etmişdi.