Rusiyanın onlayn ticarət platforması “Ozon” Ukraynanın dron hücumundan sonra ölkənin cənub-qərbində yerləşən Saratov vilayətində fəaliyyətini müvəqqəti dayandırıb.
Şirkətin “Telegram”da yaydığı məlumata görə, Saratovdakı müştərilərdən yeni sifarişlər qəbul edilmir və sifarişlərin çatdırılması həyata keçirilmir. Hücum nəticəsində logistika mərkəzinin anbarında yanğın baş verib. Yanğınsöndürənlər hadisə yerində iş aparırlar.
Saratov vilayətinin qubernatoru Roman Busargin dron hücumu nəticəsində “mülki infrastruktura” ziyan dəydiyini bildirib. İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, gecə saatlarında ölkənin müxtəlif regionları, eləcə də Qara və Xəzər dənizləri üzərində 777 Ukrayna dronu məhv edilib.
Ukraynanın paytaxtı Kiyevdə isə cümə günü səhər Rusiyanın hava zərbələri nəticəsində yaralananların sayı səkkizə yüksəlib. Şəhər hakimiyyəti doqquzmərtəbəli yaşayış binasında yanğın baş verdiyini açıqlayıb.
Rusiya Müdafiə Nazirliyi Qara dənizdə, Çornomorsk və Odessa limanları yaxınlığında Ukrayna ordusu üçün avadanlıq daşıyan üç yük gəmisinin vurulduğunu iddia edib. Nazirlik Ukraynanın müxtəlif bölgələrində bir neçə logistika və məlumat mərkəzinin də hədəfə alındığını bildirib.