Yaponiya silah ixracı ilə bağlı onilliklərdir mövcud olan məhdudiyyətləri yumşaldıb və müdafiə siyasətində mühüm dəyişiklik elan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tokioda keçirilən kabinet iclasında Baş nazir Sanae Takaiçi və yüksək vəzifəli rəsmilər silah ixracına dair qaydaların aradan qaldırıldığını açıqlayıblar.
Məlumata görə, Yaponiya artıq Avstraliya ilə hərbi gəmilərin satışı üzrə 6,5 milyard dollarlıq rekord müqavilə imzalayıb.
Baş nazir X platformasında etdiyi paylaşımda bu qərarın “son dərəcə mürəkkəb təhlükəsizlik vəziyyəti” ilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, “heç bir ölkə öz sülh və təhlükəsizliyini təkbaşına təmin edə bilməz”.
“The New York Times” yazır ki, Yaponiya bu addımla müdafiə sənayesini genişləndirməyi və ABŞ-nin etibarlılığı ilə bağlı artan qeyri-müəyyənlik fonunda daha geniş müttəfiqlər şəbəkəsi formalaşdırmağı hədəfləyir.
Qeyd olunur ki, yeni qaydalar Yaponiya müdafiə şirkətlərinə 17 ölkəyə ölümcül silahların ixracına imkan verir. Bununla belə, aktiv hərbi əməliyyatların getdiyi ölkələrə silah satışı qadağan olaraq qalır. İstisnalar yalnız Yaponiyanın milli təhlükəsizliyinə birbaşa təhdid olduğu hallarda tətbiq oluna bilər.