İtaliyada isti hava dalğası səbəbindən ölkənin 27 böyük şəhərinin hamısı üçün qırmızı xəbərdarlıq elan olunub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, ölkədə davam edən həddindən artıq istilər gündəlik həyata mənfi təsir göstərir.
İtaliya Səhiyyə Nazirliyinin yaydığı son bülletendə bildirilib ki, əvvəllər 25 şəhərdə qüvvədə olan 3-cü səviyyə qırmızı xəbərdarlıq daha iki şəhərə də şamil edilib.
Qırmızı xəbərdarlıq elan olunan bölgələrdə havanın temperaturunun bəzi ərazilərdə 40 dərəcəyədək yüksələcəyi, isti hava dalğasının isə ən azı bir həftə daha davam edəcəyi proqnozlaşdırılır.
Nazirlik qeyd edib ki, 3-cü səviyyə qırmızı xəbərdarlıq uzunmüddətli yüksək temperaturun cəmiyyətin bütün təbəqələri üçün ciddi sağlamlıq riski yaratdığı anlamına gəlir.
Xəbərdarlığın yalnız yaşlılara, uşaqlara və xroniki xəstəliyi olan şəxslərə deyil, sağlam insanlara da aid olduğu vurğulanıb.
Qeyd edək ki, İtaliya bu il dördüncü dəfə güclü isti hava dalğasının təsiri altına düşüb.
Ölkədə əvvəlki isti dalğaları zamanı yüksək temperaturla əlaqədar ölüm halları da qeydə alınıb.