İsrailin müdafiə sənayesi nəhənglərinin Avropa İttifaqı (Aİ) bazarına daha rahat inteqrasiya olunmaq üçün Cənubi Kiprdə istehsal müəssisələri qurmaq niyyətində olduğu bildirilir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici mətbuat Cənubi Kiprin “Fileleftheros” qəzetinə və digər diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, adada istehsal imkanları yaratmaqda “Hermes” pilotsuz uçuş aparatlarının istehsalçısı “Elbit Systems” və raket sistemləri üzrə ixtisaslaşmış “Rafael Advanced Defense Systems” şirkətləri xüsusilə maraqlıdır. İsrail şirkətlərinin əsas məqsədi məhsullarını Aİ ərazisində istehsal olunmuş ("Made in EU") statusunda təqdim etmək, blokun 150 milyard avroluq SAFE müdafiə kredit proqramından yararlanmaq və Avropanın müdafiə bazarındakı paylarını artırmaqdır. Qeyd olunur ki, “Elbit”in Rumıniyada, “Rafael”in isə Almaniyada oxşar istehsal mərkəzləri artıq fəaliyyət göstərir.
Bildirilib ki, bu məsələ İsrail Prezidenti İsxak Hersoqun Lefkoşaya səfəri zamanı Cənubi Kipr Rum Administrasiyasının lideri Nikos Xristodulidis ilə görüşündə də gündəmə gətirilib. Şirkətlərin xahişi ilə irəli sürülən investisiya təklifinin Cənubi Kipr rəhbərliyi tərəfindən müsbət qarşılandığı vurğulanır. Siyasi mübahisələrə baxmayaraq, İsrailin müdafiə şirkətlərinin Avropa ölkələrinə silah ixracından əldə etdiyi gəlirlər rekord həddə çatmaqda davam edir.