İsrail ordusunun sözçüsü Aviçay Adrae "X" sosial şəbəkəsindəki hesabında Livanın cənubunda yerləşən Kana, Dibal, Kakaiyyət Cisir və Sıreyfa qəsəbələrinin hədəf alınacağını bəyan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, yerli əhalidən yaşadıqları ərazilərdən ən azı 1 kilometr uzaqlaşmağı tələb edib.
Hədəf siyahısına daxil edilən bu qəsəbələr Livanın cənubunda İsrailin işğalı altında olmayan ərazilərdə yerləşir.
Qeyd edək ki, İsrail ordusu bundan əvvəl də, aprelin 30-da Livanın cənubundakı 23 qəsəbə üçün oxşar hücum xəbərdarlığı etmişdi.
Xatırladaq ki, martın 2-də başlayan intensiv hava hücumları nəticəsində Livanın cənubunda bir çox ərazi işğal edilib. Livan hökumətinin məlumatına görə, bu müddət ərzində 1 milyondan çox insan öz evlərini tərk etmək məcburiyyətində qalıb, Səhiyyə Nazirliyi isə 2600-dən çox şəxsin həlak olduğunu təsdiqləyib. ABŞ Prezidenti Donald Tramp aprelin 24-də Livan və İsrail arasında qüvvəyə minən 10 günlük müvəqqəti atəşkəsin daha 3 həftə uzadıldığını elan etmişdi. Buna baxmayaraq, həm İsrail ordusu, həm də Hizbullah tərəfindən qarşılıqlı hücumlar davam edir.