İran generalı ölkənin müdafiə strategiyası ilə bağlı mesajlar verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İranın yüksək rütbəli hərbi rəsmisi, general-mayor Əli Abdullahi mərhum lider Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimi ilə bağlı çıxışında ölkənin raket və dron sahəsində əldə etdiyi inkişafı və müdafiə qabiliyyətini yüksək qiymətləndirib.
O bildirib ki, Xameneinin rəhbərliyi dövründə İranın hərbi-texnoloji potensialı, xüsusilə raket və pilotsuz uçuş aparatları sahəsində əhəmiyyətli dərəcədə güclənib və bu, ölkənin çəkindirici qüvvəsini artırıb.
Generalın sözlərinə görə, İran xarici təzyiqlərə baxmayaraq, milli təhlükəsizliyini qorumağı bacarıb və “düşmən qüvvələr” bir sıra hallarda ağır itkilərlə üzləşib.
Əli Abdullahi çıxışında Silahlı Qüvvələrin tam döyüş hazırlığında olduğunu vurğulayıb və ölkənin yeni lideri Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə sadiqlik nümayiş etdirəcəklərini bəyan edib.
O, həmçinin ictimaiyyəti qarşıdan gələn dəfn mərasimində fəal iştirak etməyə çağıraraq bu tədbirin milli birlik və siyasi davamlılığın göstəricisi olacağını qeyd edib.