İranın xarici işlər naziri Abbas Araqçı ölkənin ali rəhbərinin strateji mesajına cavab olaraq, yeni vəzifəsində atacağı addımlarla bağlı açıqlama verib.
"Operativ Məlumat Mərkəzi-OMM" “Mehr” agentliyinə istinadən xəbər verir ki, o, Ali Rəhbərin göstərişlərinin və etimadının xarici siyasət strategiyası üçün əsas təməl daşı olduğunu vurğulayıb.
Araqçı qeyd edib ki, onun rəhbərlik etdiyi qurumun əsas məqsədi İranın milli ləyaqətini qorumaq, xalqın hüquqlarını müdafiə etmək və "İslam İnqilabı"nın ideallarını məsuliyyətlə irəli aparmaqdır.
Nazir bildirib ki, bu istiqamətdə atılan addımlar ölkənin müstəqilliyini və nüfuzunu möhkəmləndirməyə xidmət edəcək.
Nazir ölkənin xarici siyasət aparatının bütün imkanlarının İranın maraqlarının təmin edilməsinə yönəldiləcəyinə dair təminat verib.
Araqçının sözlərinə görə, qarşıya qoyulan hədəflərə çatmaq üçün aşağıdakı prinsiplər əsas götürüləcək:
- Həssaslıq və sayıqlıq: Regional və qlobal prosesləri diqqətlə izləmək.
- Müdriklik: Qərarların qəbulunda ehtiyatlı və strateji yanaşma.
- Dözümlülük: Milli maraqların müdafiəsində qətiyyət nümayiş etdirmək.
Sonda Abbas Araqçı vurğulayıb ki, Ali Rəhbərin direktivlərinə tam sadiqlik çərçivəsində, İranın dövlətçilik maraqlarını qorumaq üçün heç bir səy əsirgənməyəcək.