İranın Qum şəhərində havanın çirklənməsi səbəbindən dövlət müəssisələri və məktəblər bağlanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA Qum əyalətinin ictimaiyyətlə əlaqələr idarəsinin verdiyi yazılı açıqlamanı yayıb.
Açıqlamada hava çirkliliyi səviyyəsinin "narıncı"ya yüksəldiyi, toz və qum fırtınalarının sözügedən çirklənməni artırdığı ifadə edilib.
Dövlət qurumlarının və məktəblərin bir günlük bağlı olduğu bildirilərkən, tənəffüs və ürək xəstəlikləri olanlara zərurət olmadıqca çölə çıxmamaları tövsiyə edilib.
Havanın keyfiyyəti indeksində bir kubmetr havada hissəciklərə (PM10) görə müəyyən edilən dəyərlər aşağıdakı kimi verilmişdir: 0-50 təmiz hava (yaşıl), 51-100 orta (sarı), 101-150 həssas (narıncı), 151-200 qeyri-sağlam (qırmızı), 201-300 pis (bənövşəyi), 301-500 təhlükəli (qəhvəyi).