İran ötən il İsrail ilə baş verən hərbi münaqişə zamanı ciddi zərər görmüş hava hücumundan müdafiə şəbəkəsini yenidən qurmaq məqsədilə Rusiya ilə 500 milyon avro dəyərində gizli silah müqaviləsi imzalayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" "Financial Times" nəşrinə istinadən xəbər verir ki, Moskvada imzalanan bu razılaşma çərçivəsində Rusiya Tehrana üç il ərzində 500 ədəd "Verba" buraxılış qurğusu və 2500 ədəd "9M336" raketi tədarük edəcək.
Məlumata görə, İran bu sistemlər üçün rəsmi müraciəti 2025-ci ilin iyulunda, İsrailin hava zərbələri nəticəsində ölkənin müdafiə sistemlərinin sıradan çıxmasından dərhal sonra edib.
Müqavilə Rusiyanın dövlət silah ixracı agentliyi olan "Rosoboronexport" və İranın Müdafiə Nazirliyi arasında bağlanıb.
Danışıqlarda əsas vasitəçi kimi çıxış edən Ruhullah Katebi daha əvvəl hərbi satışlardakı roluna görə ABŞ tərəfindən sanksiyalara məruz qalıb.
Müqavilənin detalları aşağıdakıları əhatə edir:
- Hər bir "9M336" raketinin qiyməti 170 000 avro;
- Hər bir buraxılış qurğusunun qiyməti 40 000 avro;
- 500 ədəd "Mowgli-2" gecəgörmə cihazı.
Tədarüklərin əsasən 2027-2029-cu illər arasında həyata keçirilməsi planlaşdırılsa da, bəzi hərbi yüklərin artıq İrana çatdırıldığı bildirilir.
Yanvar ayında Rusiyadan İrana ən azı altı ədəd "Mi-28" hücum helikopterinin göndərildiyi qeyd olunur.
"Verba" sistemləri Rusiyanın ən müasir portativ hava hücumundan müdafiə vasitələrindən biri hesab olunur. Bu sistemlər alçaqdan uçan təyyarələri, dronları və qanadlı raketləri hədəf almaq qabiliyyətinə malikdir.
Ekspertlər hesab edirlər ki, bu silahlar İranın ümumi hərbi gücünü köklü şəkildə dəyişməsə də, ABŞ və müttəfiqlərinin bölgədəki helikopter və dron əməliyyatlarını xeyli çətinləşdirə bilər.
Qeyd edək ki, son iki il ərzində İran Ukrayna müharibəsi üçün Rusiyanı dron və raketlərlə təmin edib. Analitiklər bu yeni silah müqaviləsini Tehranın strateji müdafiə xəttini gücləndirmək cəhdi və Qərbin sanksiyalarına baxmayaraq, Rusiya ilə dərinləşən hərbi ittifaqının göstəricisi kimi qiymətləndirirlər.