İranın məhkəmə orqanları İsraillə əməkdaşlıq və milli təhlükəsizliyə qarşı fəaliyyət ittihamları ilə əlaqədar olaraq onlarla şəxsə məxsus aktivlərin müsadirə olunması barədə qərar qəbul edib.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə dövlətə bağlı ANA agentliyi məlumat yayıb.
Məlumata görə, qərar casusluq və İsraillə əməkdaşlıq ittihamlarına görə cəzaları sərtləşdirən yeni qanun çərçivəsində verilib. Bildirilir ki, müsadirə edilən aktivlər müharibə zamanı zərər çəkmiş ərazilərin bərpasına yönəldiləcək.
Hesabatda qeyd olunur ki, barələrində araşdırma aparılan şəxslərin əksəriyyəti xaricdə yaşayır. Hədəfə alınanlar arasında Britaniya, Almaniya, İraq, Türkiyə və ABŞ-də yaşayan şəxslərlə yanaşı, İran daxilində olan altı nəfərin də olduğu bildirilir.
İran məhkəmə orqanları ittihamlarla bağlı hər hansı dəlil təqdim etməyib.
Qeyd edək ki, məsələ ölkə daxilində və beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.