İranın cənub və qərb bölgələrinə endirilən son hava zərbələri nəticəsində həlak olan hərbçi və mülki şəxslərlə ölkə daxilində vida mərasimləri keçirilir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, dəfn mərasimlərində Sirik liman şəhərində toy mərasimi zamanı zərbəyə məruz qalan ailələrin yaxınları da iştirak edib.
Məlumata görə, həftə ərzində davam edən hava hücumları nəticəsində 19 hərbçi və mülki şəxs həyatını itirib. İran rəsmiləri hücumları “vəhşi akt” və “müharibə cinayəti” adlandıraraq, mülki obyektlərin hədəfə alındığını bildiriblər.
Tehran ABŞ-nin hücumlarına beynəlxalq hüquq çərçivəsində cavab veriləcəyini açıqlayıb. Bunun ardınca İranın İnqilab Keşikçiləri və ordu qüvvələrinin İordaniya, Küveyt, BƏƏ və İraqın Ərbil şəhərindəki ABŞ bazalarına dron və ballistik raketlərlə zərbələr endirdiyi bildirilib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə mülki ərazilərin hədəfə alınmadığını iddia edib. ABŞ Vitse-prezidenti Cey Di Vens hadisə ilə bağlı araşdırma aparılacağını bildirib.
İran tərəfi isə hücumların təsadüfi olmadığını və fevralın 28-də məktəb və idman zalına endirilən, təxminən 200 şagird və müəllimin ölümü ilə nəticələnən zərbələrlə oxşar xarakter daşıdığını iddia edib.
İranın BMT-dəki müvəqqəti işlər vəkili Qulamhüseyn Dərzi BMT Baş katibinə və Təhlükəsizlik Şurasına məktub göndərərək Vaşinqtonu beynəlxalq humanitar hüququ pozmaqda ittiham edib və İranın istənilən hərbi təcavüzə “qətiyyətli və mütənasib” cavab verəcəyini bildirib.