İran ABŞ-ni limanların blokadasına görə ittiham edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin İran limanlarını dənizdən mühasirəyə almasını müharibə aktı və atəşkəsin pozulması kimi qiymətləndirib.
Məlumata görə, Əraqçi “X” hesabında paylaşdığı mesajda Vaşinqtonun İranın ticarət yollarına qarşı addımlarını tənqid edərək, ölkəsinin bu cür məhdudiyyətlərə qarşı çıxmaq iqtidarında olduğunu vurğulayıb.
“İran limanlarını blokada etmək müharibə aktı və beləliklə, atəşkəsin pozulmasıdır. Ticarət gəmisinə zərbə endirmək və onun heyətini girov götürmək daha da böyük bir pozuntudur”, – deyə o bildirib.
Nazir əlavə edib ki, İran məhdudiyyətləri neytrallaşdırmağı, milli maraqlarını qorumağı və təzyiqlərə qarşı qətiyyətlə dayanmağı bacarır.
Qeyd olunub ki, İran Xarici İşlər Nazirliyi daha əvvəl ABŞ-nin Oman dənizində İranın “Tuska” adlı ticarət gəmisinə hücumunu da qətiyyətlə pisləyib və bunu piratçılıq və terror aktı kimi qiymətləndirib.