“PAŞA Holding”in təşkilatçılığı ilə "INMerge" İnnovasiya Sammitinin birinci günü başa çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “PAŞA Holding”in təşkilatçılığı ilə təşkil olunan iki gün davam edəcək sammit çərçivəsində innovasiya, investisiya və əməkdaşlıq sahələrinə toxunulur.
“INMerge” Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistandan olan siyasətçiləri, korporasiyaları, investorları, startapları və ekosistem oyunçularını bir araya gətirir. Sammit 5,000-dən çox iştirakçını, 150 spikeri, 100 startapı və 80-dən çox vençur fondunu bir araya toplayaraq əməkdaşlıq və inkişaf üçün güclü imkanlar yaradır.
Bu ilki proqram fintex və məsuliyyətli bankçılıqdan tutmuş data və süni intellekt, “Sənaye 4.0”, telekom, marketinq, e-ticarət və investisiya sahələrini əhatə edən səkkiz əsas istiqaməti əhatə edir. Bu gün ərzində “Pixar” şirkətindən Ed Katmul, “OpenAI” şirkətinin bazara çıxış üzrə keçmiş rəhbəri Zak Kass və Harvard Universitetinin professoru Tarun Xanna kimi tanınmış qlobal fikir liderləri biznes və texnologiyanın gələcəyini formalaşdıran fikirlərini bölüşüblər.
Açılış mərasimində dövlət rəsmilərindən İqtisadiyyat naziri Mikayıl Cabbarov, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov iştirak eidblər. İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinin əhəmiyyətini vurğulayıb:
“Azərbaycanın müasir iqtisadi siyasətinin əsasını iqtisadi şaxələndirmə təşkil edir. Buna misal olaraq, neft və qazdan asılılığın azaldılmasını, qeyri-neft iqtisadiyyatının dinamik və dayanıqlı inkişafının təşviq olunmasını göstrmək olar” – deyə nazir bildirib.Nazir bildirib ki, məhz bu istiqamətdə atılan addımlar nəticəsində ölkəyə 344 milyard ABŞ dollarından çox investisiya cəlb olunub ki, bunun da 210 milyard dollardan çoxu qeyri-neft sektoruna yönəldilib.
“PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov “INMerge” Sammitini "Mərkəzi Avrasiya regionunun aparıcı innovasiya forumu" adlandıraraq, tədbirin regional əhəmiyyətini xüsusi olaraq vurğulayıb. O qeyd edib ki, son beş ildə “INMerge” kiçik bir korporativ tədbirdən bölgənin müxtəlif ölkələrindən olan mütəxəssisləri bir araya gətirən böyük tədbirə çevrilib.
Cəlal Qasımovun sözlərinə görə, sammit iştirakçılara ilham verməklə yanaşı, təhsil və bilik mübadiləsi baxımından da əhəmiyyətlidir: “Dünya heç vaxt indiki qədər sürətlə dəyişməyib. Belə bir mühitdə öyrənməyə açıq olmaq, maraqlı qalmaq və “öyrənilmişləri unudub yenidən öyrənmək” bacarığı həyati əhəmiyyət daşıyır. Təşkilatlar və fərdlər resurs və ya ideya çatışmazlığından deyil, öyrənməyi dayandırdıqları zaman geri qalırlar,” – deyə o qeyd edib.
Qeyd edək ki, 2025-ci ilin əvvəlindən etibarən əsas sammitin keçirilməsinə qədər “INMerge” artıq Gürcüstan, Türkiyə, Qazaxıstan və Özbəkistanda keçirilən tədbirləri ilə regionda genişlənərək güclü sərhədlərarası əlaqələr qurub.