İndoneziya regional böhranın dərinləşməsi fonunda Qəzza zolağına hərbi birliklərin göndərilməsi planını qeyri-müəyyən müddətə təxirə salıb.
"Operativ Məlumat Mərkəzi-OMM" "Antara" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin sözçüsü Hadi Cakartada keçirilən mətbuat konfransında bildirib.
Sözçü qeyd edib ki, Qəzzaya qoşun yerləşdirilməsi ilə bağlı bütün hazırlıqlar hazırda gözləmə rejimindədir.
Qərarın ertələnməsinin əsas səbəbi kimi regionda kəskin şəkildə artan gərginlik göstərilib.
Qeyd edək ki, İndoneziya daha əvvəl Donald Trampın Qəzza planı çərçivəsində yaradılan Beynəlxalq Sabitlik Qüvvələrinə (ISF) dəstək məqsədilə 8 minə yaxın hərbçini iyunun sonuna qədər hazır vəziyyətə gətirəcəyini bəyan etmişdi.
Xatırladaq ki, 23 sentyabr 2025-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla 8 müsəlman lider ABŞ Prezidenti Donald Tramp ilə Qəzzada atəşkəsin əldə olunması üçün görüş keçirmişdi. Bu görüşdən sonra Donald Tramp tərəfindən rəsmi "Sülh Planı" elan edilmişdi. Planın ilk mərhələsi olaraq 13 oktyabr 2025-ci ildə Şarm əl-Şeyx Sülh Sammitində Türkiyə, ABŞ, Qətər və Misir tərəfindən imzalanan birgə bəyannamə ilə atəşkəs elan olunmuşdu.