Operativ Məlumat Mərkəzi

“İcbari tibbi sığorta minlərlə mürəkkəb əməliyyatın həyata keçirilməsinə imkan yaradıb”

3 dəq
Paylaş:
“İcbari tibbi sığorta minlərlə mürəkkəb əməliyyatın həyata keçirilməsinə imkan yaradıb”

Milli Məclisin plenar iclasında deputat Əhliman Əmiraslanov icbari tibbi sığortanın tətbiqi nəticəsində son illərdə Azərbaycan səhiyyəsində əldə olunan mühüm nailiyyətləri diqqətə çatdırıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, bu sistem çərçivəsində ən mürəkkəb və yüksək maliyyət tələb edən müayinə və müalicə prosedurları da dövlət tərəfindən qarşılanır.

Onun sözlərinə görə, son iki ildə icbari tibbi sığorta hesabına 170 böyrək, 152 qaraciyər, 23 sümük iliyi, çoxsaylı kök hüceyrə transplantasiyası, 200-dən çox koklear implantasiya, 7 mindən çox oynaq əməliyyatı və 25 mindən artıq ürək əməliyyatı icra olunub.

Əhliman Əmiraslanov vurğulayıb ki, Azərbaycan səhiyyəsi bu günlərdə daha bir mühüm uğura imza atıb:

“Qafqazda ilk dəfə olaraq ölkəmizdə uğurlu ürək transplantasiyası həyata keçirildi. Belə əməliyyatların sayı artacaq və bu növ mürəkkəb əməliyyatların da icbari tibbi sığorta ilə qarşılanmasına ehtiyac var”.

Deputat qeyd edib ki, tibbi sığorta xidmətləri zərfi hər il genişləndirilir və yaxın gələcəkdə əhali arasında rast gəlinən bütün xəstəliklərin müayinə və müalicəsinin sığorta tərəfindən qarşılanacağına inanır.

O, vətəndaşların ən çox gözlədiyi məsələlərdən birinə – ambulator müalicə alan xəstələrin dərman təminatının icbari tibbi sığorta ilə ödənilməsinə də toxunub:

“Bu istiqamətdə Milli Məclis artıq müvafiq qanun dəyişikliklərini edib. İnanıram ki, xəstələrin səbirsizliklə gözlədiyi bu problem növbəti ildə həllini tapacaq”.

Deputat bölgələrdə ilkin tibbi xidmətlə bağlı problemlərin də ciddiliyinə diqqət çəkib. Onun sözlərinə görə, kənd və rayonlarda tibb məntəqələrinin bir qismi yararsız vəziyyətdədir, kadr çatışmazlığı mövcuddur.

Məsələ ilə bağlı Milli Məclisin Səhiyyə Komitəsi, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in iştirakı ilə geniş dinləmələr keçirilib və pilot rayon müəyyən edilib.

“Sahədə görülən işlərin sürətləndirilməsinə ciddi ehtiyac var,” – deyə deputat əlavə edib.

Əhliman Əmiraslanov çıxışının sonunda bildirib ki, 2026-cı ilin büdcə zərfi mükəmməl şəkildə hazırlanıb və həyata keçirilən islahatların davamlılığını təmin edir.

Afət Ziyadqızı

Bu xəbəri paylaş

Oxşar xəbərlər