İsveçrənin Cenevrə şəhərində keçirilən "AI for Good Global Summit" sammitində süni intellekt və robot texnologiyası sahəsində yeni layihə təqdim olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "RB Labs" startapının hazırladığı və "Robert the Robot" adlandırılan humanoid robot müxtəlif tanınmış şəxslərin simalarını əks etdirmək qabiliyyəti ilə diqqət çəkib.
Məlumata görə, ənənəvi humanoid robotlardan fərqli olaraq, bu qurğu sabit üz cizgilərinə malik deyil. Robotun üz hissəsində yerləşdirilən rəqəmsal ekran vasitəsilə ABŞ-nin keçmiş prezidenti Barak Obama, ABŞ Prezidenti Donald Tramp və "Meta" şirkətinin rəhbəri Mark Zuckerberg kimi şəxslərin simaları proyeksiya edilə bilir.
Bildirilib ki, texnologiya robotun müxtəlif emosiyaları ifadə etməsinə, gülümsəməsinə və istifadəçilərlə qeyri-verbal ünsiyyət qurmasına imkan yaradır.
"RB Labs" şirkətinin həmtəsisçisi Robin Krambroeckers qeyd edib ki, layihənin əsas məqsədi insanlarla daha təbii ünsiyyət qura bilən emosional robotlar yaratmaqdır. Onun sözlərinə görə, ünsiyyət prosesində qeyri-verbal siqnallar mühüm rol oynayır.
Sammit çərçivəsində digər robot texnologiyaları da nümayiş etdirilib. Lozannadakı İsveçrə Federal Texnologiya İnstitutunun (EPFL) tədqiqatçıları yaşlı insanlar və hərəkət məhdudiyyəti olan şəxslər üçün nəzərdə tutulmuş robotlaşdırılmış mebel konsepsiyasını təqdim ediblər.
Qeyd olunub ki, mobil platformalar üzərində yerləşdirilən bu mebellər avtonom şəkildə hərəkət edə, istifadəçilərin əmrlərinə uyğun olaraq mövqeyini dəyişə və otaqdakı maneələri keçə bilir.