Hindistan Şotland viskisinin toplu idxalına faktiki olaraq 162,5 faiz rüsum tətbiq edir. “AnewZ”in məlumatına görə, hökumət sənədi və məsələ ilə tanış səkkiz mənbə viski konsentratlarının yenidən təsnifləşdirildiyini, nəticədə rüsumun sazişdən əvvəlki həddi aşdığını bildirib.
Bu göstərici Hindistan-Britaniya ticarət sazişindən əvvəl qüvvədə olan 150 faizlik rüsumdan yüksəkdir və alkoqol şirkətləri üçün gözlənilməz olub. İyulun 15-də qüvvəyə minən saziş Şotland viskisinə tətbiq edilən tarifi 75 faizə endirmişdi. Britaniya və sənaye nümayəndələri bunu Hindistanın 65 milyard dollarlıq alkoqol bazarı üçün toplu viski idxal edib onu tanınmış markalara qarışdıran “Pernod Ricard” və “Diageo” kimi şirkətlər üçün mühüm nailiyyət saymışdılar.
Sazişlə bağlı ilk böyük mübahisə toplu Şotland viskisi konsentratlarının necə təsnif edilməsinə aiddir. Bu məhsullar qarışıq viski kimi içkilərin hazırlanmasında xammal hesab olunur.
Hindistanlı müstəntiqlər şirkətlərin gömrük kodlarını yanlış istifadə etdiyini bildirirlər. Onların mövqeyinə görə, may ayından belə idxal “mürəkkəb alkoqollu preparatlar” üçün yaradılmış yeni gömrük kateqoriyasına düşür və bu kateqoriyaya 150 faizlik tarif tətbiq olunur.
“Reuters”in araşdırdığı hökumət sənədinə və məsələ ilə birbaşa tanış olan, sənaye rəhbərləri və gömrük agentlərinin daxil olduğu səkkiz mənbəyə əsasən, bu məbləğin üzərinə istehlak vergisi də əlavə edilərək ümumi rüsum 162,5 faizə çatır.
“Yerli vergi əlavəsi gözlənilməz zərbə oldu”, – sənaye nümayəndələrindən biri kriketdə aldadıcı atışı bildirən terminə işarə edərək deyib. Mənbələr təsnifat məsələsinin müzakirə edildiyini bildiklərini, lakin əlavə yerli vergini gözləmədiklərini söyləyiblər.
80-dən çox konteyner limanlarda saxlanılır
“Reuters”in ötən həftə verdiyi məlumata görə, mübahisə davam edərkən “Pernod”, “Diageo” və “Bacardi” şirkətlərinə məxsus 80-dən çox konteynerdə olan minlərlə litr toplu Şotland viskisi Hindistan limanlarında saxlanılıb.
Mənbələrin sözlərinə görə, araşdırma davam etdiyi müddətdə malların müvəqqəti buraxılması üçün şirkətlər əvvəlcədən onların dəyərinin 75 faizi həcmində rüsum ödəməli, qalan məbləğ üçün isə bank zəmanəti təqdim etməlidirlər.
Mənbələrdən üçünün bildirdiyinə görə, “Pernod” və “Diageo” konteynerlərini çıxarmaq və biznes fəaliyyətini davam etdirmək üçün bank zəmanətləri və başqa maliyyə vəsaitləri təmin edib. “Bacardi” isə hələ qərar verməyib.
“Hindistan-Britaniya sazişi qüvvəyə minəndə sənaye bazarda Şotland viskisi məhsullarının qiymətlərini artıq aşağı salmışdı, indi isə yenidən yüksək rüsumlarla üzləşirlər”, – alkoqol idxalı sahəsində çalışan mənbə deyib.
“Pernod”a məxsus Böyük Britaniya şirkəti “Chivas Brothers”, “Diageo” və bir sıra Hindistan şirkətləri həm toplu, həm də qablaşdırılmış Şotland viskisinə ticarət sazişində müəyyən edilmiş 75 faizlik rüsumun tətbiq olunmalı olduğunu düşünür.
“Reuters”in ötən həftə yazdığına görə, Hindistanlı müstəntiqlərin məxfi memorandumunda saziş çərçivəsində yanlış təsnifləşdirməyə son qoyulmalı olduğu bildirilib. Sənəddə bunun Dehlinin büdcə gəlirlərinə “əhəmiyyətli təsiri” olduğu qeyd edilib.
“Reuters”in məlumatından sonra “Diageo” və “Pernod”un səhmləri müvafiq olaraq 1,5 və 1,25 faiz ucuzlaşıb. Hindistan satış həcminə görə “Pernod”un ən böyük bazarıdır və bu iki şirkət ölkənin spirtli içkilər bazarında əsas paya malikdir.
“Diageo” şərh verməkdən imtina edib, “Pernod” və “Bacardi” isə şərh sorğularına cavab verməyib. Hindistanın maliyyə nazirliyi və vergi orqanı da sorğulara cavab verməyib.
London və Dehli mübahisənin həlli yollarını axtarır
Britaniya məsələni Dehli ilə birlikdə həll etməyə çalışdığını dəfələrlə bildirib, Hindistan isə mübahisənin tezliklə yoluna qoyulacağını deyib.
“Ticarət sazişində razılaşdırılmış tariflər əsasında Britaniya şirkətlərinin ixracını təmin etmək üçün nazirlər bu məsələni həll etmək məqsədilə Hindistan hökuməti ilə təcili işləyirlər”, – Böyük Britaniya hökumətinin sözçüsü 162,5 faizlik rüsumla bağlı suala cavabında bildirib.
Viskilərə tətbiq olunan rüsumlar ticarət sazişi üzrə illərlə davam edən çətin danışıqlarda mübahisəli məsələlərdən biri olub. Britaniya viski də daxil olmaqla, “Böyük Britaniyanın tanınmış məhsullarının” sazişdən faydalanacağını bildirib. Böyük Britaniyanın Şotland Viskisi Assosiasiyası sazişin beş il ərzində Hindistana Şotland viskisi ixracını 1,34 milyard dollar artıra biləcəyini proqnozlaşdırıb.
Hindistan şirkətləri də araşdırılır. Mumbay birjasında qeydiyyatda olan “Radico Khaitan”, “Allied Blenders and Distillers” və “Tilaknagar Industries” toplu Şotland viskisi idxal edir. Kiçik şirkətlər üçün bank zəmanəti almaq daha çətin ola bilər: bunun üçün girov tələb oluna və zəmanətlər şərti öhdəlik kimi hesabatlarda göstərilə bilər.
“Hazırda başqa alternativimiz yoxdur”, – Hindistan şirkətlərindən birinin rəhbəri deyib. O, toplu Şotland viskisi çatışmazlığının bazarda fasilələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib: “İstehsal tələblərini qarşılamaq son dərəcə vacibdir, baxmayaraq ki, bank zəmanətləri dövriyyə kapitalına təzyiq göstərir”.
Hindistan həcm baxımından dünyada Şotland viskisinin ən böyük bazarıdır. Britaniyadan idxal edilən Şotland viskisinin təxminən 80 faizi toplu şəkildə gəlir. Onun böyük hissəsi başqa spirtli içkilərlə qarışdırılaraq “Hindistanda istehsal olunan xarici içkilər” (IMFL) adlanan, “Chivas Regal” və “Johnnie Walker” kimi tam idxal olunan markalardan xeyli ucuz kütləvi bazar viskilərinin hazırlanmasında istifadə edilir.
Uzun müddətdir davam edən tarif mübahisələri “Volkswagen” və “Samsung” da daxil olmaqla, Hindistandakı xarici investorların narazılığına səbəb olub. Hindistan rəsmiləri qanunu tətbiq etdiklərini bildirirlər, şirkət rəhbərləri isə Dehlinin idxalı necə təsnif etdiyinə görə tez-tez qəfil vəziyyətlə üzləşdiklərini deyirlər.