Qərbin qolları indi də Gürcüstanı “qucaqlamaq” istəyir. Gürcüstanda keçiriləcək Parlament seçkilərindən narahat olan Qərb, Azərbaycandan sonra Gürcüstan üçün “planlar” qurur. Ermənistan isə qərbin yanında yer almağa çalışır.
Parlamentdə qəbul etdikləri qanunlar isə daim ABŞ-nin tənqidlərinə tuş gəlir. Gürcüstan parlamentində qəbul olunan qanunların ABŞ-yə nə kimi aidiyyatı var? Ümumiyyətlə, Qərb və ABŞ-nin parlament seçkilərinə olan qıcıqlıqları nədən qaynaqlanır?
Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən politoloq Xəqani Cəfərli deyir ki, Gürcüstan Avroatalantik strukturlara inteqrasiya kursu seçəndə Qərb Gürcüstanı fəal şəkildə dəstəkləməyə başlamışdı:
“Gürcüstan vətəndaşlarının Avropa İttifaqı ölkələrinə vizasız gedişi, güzəştli şərtlərlə ticarət daxil olmaqla Gürcüstan Qərbdən çoxsaylı güzəştlər və yardımlar almışdı. Xüsusilə də iqtisadiyyatın inkişafı, müdafiə və təhlükəsizlik sahələrinin gücləndirilməsi üçün Qərb Gürcüstana çox böyük dəstək verib. Gürcüstan Avroatlantik məkana inteqrasiyanın davam etməsi üçün siyasi, hüquqi və iqtisadi islahatlar keçirəcəyi ilə bağlı öhdəliklər götürmüşdü. Son illər “Gürcü Arzusu” iqtidarı bu öhdəliklərə əməl etmədiyi kimi, tamamilə əks addımlar atır”.
Politoloq bilidirir ki, “Rusiya qanunu” kimi tanınan “Xarici təsirin şəffaflığı haqqında” qanun qəbul edilməsi, əsas müxalifət partiyası olan Milli Hərəkat Partiyasının qadağan ediləcəyi ilə bağlı hökumətin mövqeyi münasibətləri qırılma nöqtəsinə gətirib. İndi isə seçkilərin şəffaf keçiriləcəyi təhlükəyə düşüb. Qərb də “Gürcü Arzusu” hökumətinə xəbərdarlıq edir ki, bu təhlükə gerçəkləşsə Tiflis ilə münasibətlərə yenidən baxacaqlar. Avroatlantik məkana inteqrasiyanın şərtləri və qaydaları var:
“Avroatlnatik məkana inteqrasiya etmək istəyənlər bu qaydalara əməl etməlidir. Amma “Gürcü Arzusu” hökuməti bu qaydalara əməl etmək istəmir. Ona görə hazırkı vəziyyət yaranıb. Qərbin Tiflis ilə münasibətlərə yenidən baxması Gürcüstan üçün çox ağır nəticələr doğuracaq. Ancaq belə görünür ki, bu Çin-Rusiya yönümlü “Gürcü Arzusu” hökumətini narahat etmir. Əksinə, “Gürcü Arzusu” hökumətinin Qərblə münasibətlərin qırılmasında maraqlı olduğu görünür. Belə vəziyyət isə hökmən ciddi nəticələr doğurmalıdır”.
Digər müsahibimiz REAL partiyasının sədri Natiq Cəfərlinin sözlərinə görə, “Gürcü Arzusu” ilə Qərbin bəzi dairələri arasında müxtəlif məsələlərə yanaşmada fikir ayrılığı mövcuddur.
“Qərbin tələblərindən biri Rusiya ilə münasibətlərin azaldılmasıdır, amma son vaxtlar Gürcüstanla Rusiya arasında həm turist, həm də ticarət dövriyyəsində müəyyən artım var. Nəticə etibarı ilə bu da Qərbdən bəzi təyziqlərin artmasına səbəb olur. Bundan başqa Gürcüstan parlamentində iki qanun layihəsi qəbul olundu – “xarici agent və ailə dəyərlərinin qorunması haqqında” qanun. Bu da Qərbin xoşuna gəlmədi”.
N.Cəfərli deyir ki, Qərbin yanaşması çox məntiqsizdir, çünki Gürcüstan kifayət qədər konservativ və dini dəyərlərə dəyər verən ölkədir. Hakimiyyətdə olan və ya seçkidə qalib gələn partiya əhalinin böyük əksəriyyətinin həssas nöqtələrini nəzərə almalıdır. Buna görə də seçicilərə və seçkilərə hesablanmış qanun layihələrinə qarşı Qərbin mövqeyi qəbul edilməzdir. Çünki Gürcüstan parlamenti demokratik seçilmiş parlamentdir. Bununla bağlı son seçkilərdə Qərbdən heç bir irad olmamışdı. Demokratik seçilmiş parlamentin qanun qəbul etməsinə Qərbin etiraz etməsi ümumiyyətlə anlaşılan deyil:
“Burada həssasiyyətlər var, amma ciddi suallar da var. Məsələn, Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 7 dəfə artıb. Təqribən 9 milyard dollara çatır. Bu ilin sonuna 10, hətta 12 milyard olması ehtimalı var. Gələn il 14 milyard dollar olmasını planlaşdırıblar. Bu, Ermənistanın Rusiyanın sanksiyalardan yan keçməyə çox ciddi yardım etməsinin göstəricisidir. Amma Qərb bunu Ermənistana irad kimi bildirmir, sanksyalar tətbiq etmir. Halbuki Ermənistan Rusiya üçün sanksiyalardan yan keçməyə kömək edən üç vacib ölkədən biridir. Bu möqteyi nəzərdən Qərbin belə yanaşması doğru deyil. “Gürcü Arzusu” yenə qalib gələcəksə, deməli xalq hökumətin apardığı siyasəti dəstəkləyir”.