Ermənistan Azərbaycana qarşı silahlanma prosesini kifayət qədər intensiv bir şəkildə davam etdirir, paralel olaraq da, Azərbaycanla şərti dövlət sərhəddində Ermənistan yeni hərbi hissələr yaradır. Bu hərbi hissələri biz Laçınla sərhəd olan, Qafan rayonunun Dığ kəndi ərazisində, Qarakilsə istiqamətində və Naxçıvan tərəfdə müşahidə edirik.
Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.
“Digər tərəfdən isə zaman-zaman Azərbaycana qarşı atəşkəsin pozulması, Ermənistan tərəfindən törədilməsi bizə əsas verir ki, Ermənistanın daha genişmiqyaslı təxribatlara hazırlaşdığını ehtimal edə bilək.

Ermənistan Vətən Müharibəsinə qədər də, ondan sonrakı dövrdə də silahlanmasını davam etdirib. Bu gün də bu proses davam edir, ancaq Ermənistan ordusuna müharibədən əvvəl verilən silahlar indikindən heç də az deyil. Həmin silahların imkanları Ermənistanın indi əldə etdiyi silahlardan çox da fərqlənmirdi. Lakin bütün bu silahlanma Ermənistanı heç də xoşbəxt və təhlükəsiz bir vəziyyətə gətirib çıxarmadı, əksinə Ermənistan silahlandıqca daha çox itirdi, daha çox itkilərə məruz qaldı. Həm nəzarət etdiyi ərazilər baxımından, həm silah-sursat, texnika, vasitə, avadanlıq, həm də şəxsi heyyət baxımından Ermənistanın itkiləri kifayət qədər böyük olub. İndiki silahlanma da Ermənistana xoşbəxtlik gətirməyəcək. Əksinə olaraq, Ermənistan tərəfi silahlanmaya davam edərsə, təxribatlarına ara verməzsə, o zaman Azərbaycan tərəfi Ermənistanı növbəti dəfə ciddi bir şəkildə cəzalandıracaq”, - deyə hərbi ekspert qeyd edib.
Digər müsahibimiz ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyir ki, biz Ermənistanla hazırda müharibə şəraitindəyik, çünki aramızda sülh müqaviləsi yoxdur, belə olduğu halda sərhədlərimiz də yoxdur, şərti sərhəd sayılan sərhəddə sərhəd atributları və sərhəd rejimi yoxdur. Qazax rayonunun 13 km sərhədini istisna edərək, digər ərazilərdə şərti sərhəd də təmas xətti kimi gedir, çünki iki qarşı-qarşıya olan sərhəd yox, mövqelər formasındadır. Ona görə də Azərbaycan ordusu o xətti hazırda şərti sərhəd kimi qəbul edir. Üçtərəfli Bəyanatın nəticəsində, Azərbaycanla Ermənistan arasında atəşkəs rejimi elan edilib və bu rejimlə bağlı hər iki tərəf öz öhdəliyini üzərinə götürüb.

“4 il keçməsinə baxmayaraq atəşkəs rejimi mütəmadi olaraq Ermənistan tərəfindən pozulub. Ermənistan indiyə kimi həm təxribatlara əl atıb, həm də bundan sonra təxribatlara əl atacağına doğru addımlar atır. Mətbuatda da bu məsələni müəyyən bir şəkildə gərginləşdirməyə çalışır”.
Deyə bilərik ki, Ermənistanın özündə revanşist qüvvələri dəstəkləyən, həmçinin xaricdən də dəstəkləyən qüvvələr var. Paşinyanın da iki masa arxasında oturma siyasəti bu regiona “3+3” formatından daxil olmayan əlavə ölkələrin, oyunçuların bu regiona daxil etməsinə şərait yaradıb ki, bunlar da Qərb və ABŞ dövlətləridir. Burada həmin o qüvvələr məhz Ermənistanın təhlükəsizliyi təminatında gəliblər”.
Ekspert qeyd edib ki, Ermənistan həm KTMT-də, həm də Rusiyaya təhlükəsizlik məsələlərində artıq bel bağlamadığı və təbii ki, belə olduğu halda müəyyən bir şəkildə bu proseslərdə iştirak etmək üçün Qərb və ABŞ-dən müəyyən bir müraciətlər olub. Bu, birinci növbədə silahlandırmada görünür. Digər tərəfdən də əvvəl Avropa müşahidə missiyası qismində, indi isə Kanadanın da üzvləri ora daxil olmaqla artıq NATO müşahidə missiyası kimi fəaliyyət göstərən missiya var ki, bu da təbii ki, heç kimdən razılaşdırılmamış şəkildədir. ABŞ və digər ölkələrin də Ermənistana gəlib hərbi kurslar, təlimlər, hazırlığın da keçməsi müşahidə olunur.

Hərbi ekspert deyir ki, Ermənistan mətbuatında da məhz Azərbaycanın guya Ermənistana təhlükə yaradan və guya Zəngəzur dəhlizini açmaq məqsədilə hansısa hazırlıqların aparılması ilə bağlı müxtəlif süni ajiotaj və gərginlik yaradılır. Bunlar hamısı bir ssenarinin elementləridir. “3+3” formatından xaric ölkələr Zəngəzur dəhlizində öz maraqlarını təmin etmək, nəzarət mexanizmləri yaratmaq istəyirlər. Digər tərəfdən isə, təbii ki, Rusiyanın maraqlarını daraldaraq, onların hesabına öz maraqlarını genişləndirmək məqsədi daşıyır. Daha bir məqsəd isə, Rusiyanı oradan çıxarmaq, digər bir istiqamətdə isə hədəf İran dövlətidir.
Ehtiyatda olan polkovnik qeyd edib ki, Azərbaycanın COP29-a hazırlığı dövründə ölkəmizə təzyiqlərin də artdığını müşahidə edirik.
“Belə olduğu halda, məhz Ermənistan və Azərbaycan arasında müharibə şəraitindən istifadə edərək, hansısa təxribatın törətməsini də ssenarinin bir hissəsi olması istisna edilmir. Ancaq hər halda vəziyyət gərginləşəcək, vəziyyətin gərginləşəcəyi təqdirdə də təbii ki, beynəlxalq institutlar işləməyə başlayır. Bu gün beynəlxalq institutların kimin əlində olduğu hamıya məlumdur. “3+3”-ə daxil olmayan və burada maraqlı olan ölkələrin əlində həmin o beynəlxalq institutlar işləməyə başlayacaq və təbii ki, onların xeyrinə qətnamələr çıxaracaqlar.
Ermənistanın bu gün Azərbaycan sərhəddində gördüyü işlər təxribatyönümlüdür. COP29 ərəfəsində hansısa təxribatların olmasını da istisna etmirəm. Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov müəyyən istiqamətlərdə şərti sərhəddə bütün proseslərə, vəziyyətlə real ərazidə tanış olaraq, lazım olan tapşırıqlar verir. Hər hansısa təxribatın qarşısını almaq üçün lazım olan əlavə tədbirləri həyata keçirir. Digər tərəfdən, əməliyyat şəraiti həmişə olduğu kimi Azərbaycan ordusunun nəzarəti altındadır, hər hansısa təxribata cavab olaraq Azərbaycanın orada yerləşən silahlı qüvvələri, hərbi hissələri cavab verməyə hazırdır və qadirdir”,- deyə ehtiyatda olan polkovnik Şair Ramaldanov vurğulayıb.
Aminə Nəzərova