2020-ci il oktyabrın 17-si tarixi Füzuli sakinləri üçün yaddaqalan gün oldu. Çünki biz həmin günü 1993-cü ilin avqustunda işğal olunmuş Füzulini düşmən əsarətindən azad etdik.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu ehtiyatda olan polkovnik hərbi ekspert Üzeyir Cəfərov bildirib.
“Tarixə diqqət yetirsək, Füzuli şəhərinin işğaldan azad edildiyi həmin tarixi gündə Füzuli şəhəri ilə yanaşı rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri ordumuz tərəfindən azad edildi və bu müharibədə statistikaya əsasən, 62 yaşayış məntəqəsi geri alındı. Füzulinin işğaldan azad olunduğu gün ikinci böyük şəhərimiz olan, Gəncə şəhəri gecə saatlarında düşmən və onun havadarları tərəfindən atəşə məruz qoyuldu. Onlarla insanımız həlak, xeyli sayda yaralılarımız oldu”.
Füzulinin çox strateji əhəmiyyəti olduğunu, düşmənin orada illərlə hazırlıq gördüyünü bildirən Üzeyir Cəfərov, məğlubiyyətlə barışmayan düşmənin Azərbaycan ordusunu durdurmaq üçün Gəncə şəhərini bombaladığını qeyd edib.
“Ancaq biz sonrakı dönəmdə də bundan çəkinmədik, mübarizəni davam etdirdik. Füzuli şəhərinin işğaldan azad olunması üçün tərtib olunan plan çox ağır şəkildə həyata keçdi. Ciddi itkilərimiz oldu, komandanlığın bəzi taktiki və strateji səhvləri oldu. Bu əməliyyata görə bəzi komandirlər layiqli şəkildə cəzalandırıldı, ancaq üstünlüklər də Füzuli kimi möhtəşəm müdafiə qurğuları olan bir ərazi düşməndən azad edildikdən sonra faktiki olaraq ermənilər çox ağır duruma düşdülər. Onlar başa düşdülər ki, Azərbaycan ordusu bundan sonra da uğurlarının davamını gətirəcək və belə də oldu.
Faktiki olaraq 27 sentyabrda başlayan döyüş əməliyyatı uğurla nəticələndi. Həmin ilk günlərdə biz Füzulinin üç, Cəbrayılın bir neçə yaşayış məntəqəsini azad etdik. Füzuli kimi böyük ərazisini itirən düşmən artıq başa düşdü ki, onun müqavimət gücü sındırılıb, çox ciddi itkilər verdilər və geri çəkilməyə başladılar. Ermənistan ordusunda təşviş hökm sürürdü. Ona görə də bu bizə əlavə üstünlüklər qazandırdı və biz düşməni qovmağa başladıq”, - deyə hərbi ekspert vurğulayıb.
Aminə Nəzərova