Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli toplantısı keçirilib. Tədbirdə çıxış edən Türkiyənin millət vəkili, müdafiə naziri Yaşar Gülər işğaldan azad edilmiş Şuşa şəhərində olmaqdan qürur duyduğunu bildirib və üç ölkəni birləşdirən ortaq tarix, coğrafiya, qarşılıqlı etimad və dostluq münasibətlərinin artıq çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Cənubi Qafqazdakı mövcud hərbi-siyasi proseslərə toxunan Türkiyənin müdafiə naziri Bakı ilə İrəvan arasında davam edən sülh danışıqlarını yüksək qiymətləndirib.
O, Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olmasının regionda tamamilə yeni əməkdaşlıq imkanları açacağına inamını ifadə edib.
Yaşar Gülər, həmçinin üçtərəfli formatda həyata keçirilən enerji, nəqliyyat və kommunikasiya layihələrinin təhlükəsizliyinin təmin olunmasını birgə məsuliyyət kimi dəyərləndirib. Nazir silahlı qüvvələr arasında təşkil edilən birgə hərbi təlimlərin, təhsil və təcrübə mübadiləsinin bu təhlükəsizliyin qarantı olduğunu diqqətə çatdırıb.
“Qafqazın təhlükəsizliyini Türkiyə, Azərbaycan və Gürcüstanın təhlükəsizliyindən ayrı təsəvvür etmək olmaz. Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə sarsılmaz dəstəyimizi bir daha bəyan edirik”, – deyə Y.Gülər vurğulayıb.
Toplantı çərçivəsində Türkiyənin müdafiə naziri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri İrakli Çikovani ilə təkbətək görüşlər keçirib, regional təhlükəsizlik və hərbi əməkdaşlıq məsələlərini müzakirə edib.