Almaniya hökuməti ABŞ Prezidenti Donald Trampın Qəzza üzrə beynəlxalq "Sülh Şurası"nda iştirak etmək təklifini alıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Ştefan Kornelius brifinq zamanı məlumat verib.
Kornelius qeyd edib ki, Berlin münaqişənin uzunmüddətli həllinə töhfə vermək niyyətindədir:
"ABŞ Almaniyanı və digər dövlətləri beynəlxalq 'Sülh Şurası'nın yaradılmasında iştirak etməyə dəvət edib. Biz bu dəvətə görə minnətdarıq".
Onun sözlərinə görə, hazırda Almaniya tərəfi ABŞ və digər tərəfdaşları ilə birlikdə bu hədəfə necə nail olmağın yollarını müzakirə edir.
Almaniya rəsmisi həmçinin bildirib ki, yeni yaradılan strukturun Birləşmiş Millətlər Təşkilatının (BMT) nüfuzuna xələl gətirəcəyi ilə bağlı narahatlıqları bölüşmür. O, BMT-nin beynəlxalq böhranların həllində mərkəzi çoxtərəfli struktur olaraq qaldığını və qlobal böhranlar dövründə mühüm alət olduğunu vurğulayıb.