Azərbaycanda 2019-cu ildən qüvvədə olan neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqının dərəcəsi dəyişir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, 2019-cu il yanvarın 1-dən 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı aylıq gəlir 200 manata qədər olduqda isə sığortaolunan 3 %, sığortaedən isə 22 % sosial sığorta haqqı ödəyib. Aylıq gəliri 200 manatdan çox olduqda sığortaolunanın gəlirlərindən 6 manat + 200 manatdan çox olan hissənin 10 %-i, sığortaedənin vəsaitindən isə 44 manat + 200 manatdan çox olan hissəsinin 15 %-i qədər sosial sığorta haqqı tutulub.
Layihəyə əsasən, gələn il yanvarın 1-dən aylıq gəlir 200 manata qədər olduqda məcburi dövlət sosial sığorta haqqının tutulması qaydası hazırkı kimi olacaq. Aylıq gəlir yalnız 200 manatdan 8 000 manata qədər olduqda sığortaolunan 6 manat + 200 manatdan 8000 manata qədər olan hissənin 10 %-i qədər, sığortaedən isə 44 manat + 200 manatdan 8 000 manata qədər olan hissənin 15 %-i qədər məcburi dövlət sosial sığorta haqqı ödəyəcək.
Gələn ildən aylıq gəlir 8 000 manatdan çox olduqda isə sığortaolunan 786 manat + 8 000 manatdan çox olan hissənin 10 %-i qədər, sığortaedən isə 1 214 manat + 8 000 manatdan çox olan hissənin 11 %-i qədər sosial sığorta haqqı ödəyəcək. Beləliklə, bu halda sosial sığorta haqqı dərəcəsi ümumilikdə 21 % olacaq.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.