2027-ci ildə Azərbaycanda dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramlara ümumilikdə 682 milyon 187,2 min manat vəsait ayrılması nəzərdə tutulur.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu, 2027-ci ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.
Büdcə zərfinə əsasən, vəsaitin ən böyük hissəsi kənd təsərrüfatının inkişafına yönəldiləcək. "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 239 milyon 918,4 min manat ayrılması proqnozlaşdırılır.
Bundan başqa, "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası üçün 238 milyon manat, iqtisadi aktivliyin dəstəklənməsinə xidmət edən alətlər və resurs təminatına dair Təkliflər Toplusu üçün isə 108 milyon manat nəzərdə tutulub.
Eyni zamanda, "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 41 milyon manat, "Uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair 2023–2027-ci illər üzrə Tədbirlər Proqramı"na 34 milyon manat ayrılması proqnozlaşdırılır.
"Rəqəmsal iqtisadiyyatın inkişafı üzrə Strategiya"nın həyata keçirilməsi üçün 12 milyon manat, "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı üçün 5 milyon 169,4 min manat vəsait nəzərdə tutulub.
Bundan əlavə, "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"na 2 milyon manat, "2026–2030-cu illərdə rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı"na 1 milyon 858,3 min manat ayrılması proqnozlaşdırılır.
Həmçinin, hava daşımaları üzrə rəsmiləşdirmənin sadələşdirilməsinə dair Dövlət Proqramının icrası üçün 103 min manat, "Gender bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı" üçün 100 min manat, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı üçün isə 38,1 min manat vəsait ayrılması nəzərdə tutulur.