Operativ Məlumat Mərkəzi

Fransada növbədənkənar parlament seçkilərinin ilk turu keçirilib - TƏHLİL

4 dəq
Paylaş:
Fransada növbədənkənar parlament seçkilərinin ilk turu keçirilib - TƏHLİL
seçkilərdə ifrat-sağçı Milli Birlik partiyası inamlı qələbə qazanıb.  İlkin nəticələrə əsasən, E.Makronun "İntibah" - Rönesans partiyası isə Avropa...

Fransada növbədənkənar parlament seçkilərinin ilk turu keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, seçkilərdə ifrat-sağçı Milli Birlik partiyası inamlı qələbə qazanıb.

İlkin nəticələrə əsasən, E.Makronun "İntibah" - Rönesans partiyası isə Avropa Parlamentindən sonra ardıcıl ikinci dəfə ağır məğlubiyyətə uğrayıb.

Seçkilərdə seçici iştirakı son 46 ildə ən yüksək səviyyəyə təxminən 65,5 faizə çatıb.

Sağçılar birliyi Milli Birlik partiyası 34 faiz səslə birinci, solçuların alyansı Yeni Xalq Cəbhəsi partiyası 28,1 faizlə ikinci yerdə qərarlaşıb. Makronun İntibah partiyası isə səslərin cəmi 20,3 faizini qazanıb.

"Exit-poll" nəticələri məlum olduqdan sonra, Fransanın böyük şəhərlərində sağçılara qarşı etiraz aksiyaları keçirilib.

Lion şəhərində fransız nümayişçilər mağazaların pəncərələrini sındırıb, polis gözyaşardıcı qazdan istifadə edib. İğtişaşçılar şəhərin mərkəzində yanğınlar törədib.

Parisdəki Respublika meydanında nümayişçilər tüstü bombaları yandıraraq seçkilərdə liderlik edən Milli Birlik partiyasına etiraz ediblər.

Hakimiyyətin Milli Birlik partiyasının əlinə keçməsinin qarşısını almaq üçün, rəqib partiyalar siyasi sövdələşmələrə artıq indidən start verib. Onlar, güclərini birləşdirərək, nəyin bahasına olursa-olsun ifrat sağçıların hakimiyyətə gəlməsini əngəlləməyi hədəfləyirlər.

İfrat sağçı partiyanın lideri Marin Lö Pen isə, bütün bu cəhdlərin boş olduğunu, Fransa xalqının artıq öz qərarını verdiyini bildirib.

2022-ci ildə keçirilən parlament seçkiləri ilə müqayisədə 2 qat çox səs toplayan Lö Penin partiyası aşağı palatada çoxluğu qazanmağa çox yaxındır.

Tərəfdarları qarşısında çıxış edən Lö Pen, seçkidə fəal iştirakına görə xalqa təşəkkür edib.

Partiyanın seçkilərdə qalib gələcəyi təqdirdə yeni hökumətdə ölkənin yeni baş naziri olacaq Jordan Bardella da keçirilən seçkilərin ilkin nəticələrinə münasibət bildirib.

O, seçiciləri seçkilərin 1 həftə sonra keçiriləcək 2-ci turunda daha da fəal olmağa çağırıb.

İlk turda ən yüksək nəticə göstərən 2 partiya - ifrat sağçılarla ifrat solçular ikinci turda mübarizə aparacaq.

Makron seçkilərin ikinci turunda ifrat sağçıların qazanacağı qələbənin həm ölkə, həm də bütünlükdə region üçün böyük təhlükələr gətirə biləcəyini deyib.

O, hətta, ifrat sağçıların qazanacağı qələbənin ölkədə vətəndaş müharibəsinə səbəb ola biləcəyini qeyd edib.

Bu səbəbdən Makron Milli Birlik partiyasına qarşı "Geniş demokratik ittifaqın" yaradılmasına çağırış edib.

Tarixə nəzər salsaq, keçmişdə də sağ və sol mərkəzçi partiyalar ifrat sağı hakimiyyətdən saxlamaq üçün güclərini birləşdirdiyini görə bilərik.

Baş nazir Qabriel Attal, ifrat sağçıların hakimiyyətə gəlməsi ilə ölkədə insan hüquqları, bərabərlik və demokratik dəyərlər kimi fundamental prinsiplərə iddi ziyan dəyəcəyini bildirərək xalqı bu partiyaya səs verməməyə çağırıb.

İfrat solçu “Boyun əyməyən Fransa” partiyasının lideri jan Luk Melenkon seçkilərin ikinci turunda qələbə qazanacaqlarına inandığını deyib.

Melenkon, İfrat sağçıların qələbə qazanmasına qəti şəkildə icazə verməyəcəklərini vurğulayıb.

Xatırladaq ki, İyunun əvvəlində Avropa Parlamentinin yeni üzvləri seçilib. Seçki ifrat sağçıların yüksəlişi ilə yadda qalıb. Fransa prezidenti Emmanuel Makron isə böyük məğlubiyyətlə üzləşərək parlamenti buraxıb.

Fransada son 3 seçkidə səslərini artırmağa davam edən ifrat sağçı Milli Birlik (RN) iyunun 9-da keçirilən Avropa Parlamenti (AP) seçkilərində 31,4 faizlə geniş fərqlə birinci olub, bunun ardınca prezident Emmanuel Makron yer alıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər