Fransada Prezident Emmanuel Makronun sosial-iqtisadi siyasətlərinə qarşı etiraz aksiyaları keçirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, aylardır sosial media platformalarında “Hər şeyi dayandıraq” şüarı ilə edilən çağırışların nəticəsi olaraq ölkənin dörd bir yanında etirazlar keçirilir.
Makronun sosial-iqtisadi siyasətlərinə qarşı çıxan nümayişçilər paytaxt Paris, eləcə də Lion və Renn kimi şəhərlərdə səhər tezdən nəqliyyatı iflic etmək və avtobusların hərəkətinə mane olmaq üçün müxtəlif təşəbbüslərlə çıxış ediblər. Renn şəhərinin cənub və şimal hissəsində yüzlərlə etirazçı ətraf yollarda toplanaraq yollara baryerlər quraraq nəqliyyatın hərəkətini dayandırmağa çalışıblar. Şəhərin şimalındakı etirazçılar baryerləri yandırıblar. Təhlükəsizlik qüvvələri bu ərazidəki nümayişçiləri oradan uzaqlaşdıraraq bir müddətlik dayanan hərəkətin bərpasını təmin ediblər. Renn şəhərində, həmçinin Alma Körpüsünün altında bir avtobus yandırılıb.
Ölkənin ən böyük şəhərlərindən olan Lionda isə etirazçılar tramvay yoluna zibil qutuları aşırtmış və onları yandırıblar. Şəhərdə M7 magistral yolunda nəqliyyatın axınına maneə yaradan aksiyalar keçirilib, Lion-1 Universitetinin qarşısında baryerlər qurulub. Ümumilikdə ölkədə baş verən etiraz aksiyalarında, 75-i Parisdə olmaqla, 85 nəfər saxlanılıb.
Sosial şəbəkələrdə yayılan görüntülərə görə, polis Parisdə ictimai nəqliyyatda istifadə olunan avtobusların hərəkətinə mane olmaq istəyən etirazçıların toplaşdığı avtobus terminalı qarşısında növbə çəkir.