Ötən gün Fransa Prezidenti Emmanuel Makron Ukrayna Prezidenti Volodimir Zelenski ilə Brüsseldə görüş keçirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Makron görüşdə Parisin Kiyevə dəstəyini davam etdirmək əzmində olduğunu təsdiqləyib.
"Axşam Zelenskiyə Ukraynaya və Ukrayna xalqına dəstək vermək əzmimizi bir daha təsdiqlədim. Rusiya gərginliyi artırmaq yolunu seçdiyi bir vaxtda Ukraynanın özünü, mülki əhalisini və infrastrukturunu qoruması üçün ona bütün zəruri vasitələrin təqdim edilməsi olduqca vacibdir", - Fransa lideri qeyd edib.
Makron ölkəsinin Ukraynanın davamlı və uzunmüddətli sülhə nail olmaq səylərinə dəstəyini davam etdirəcəyini də vurğulayıb:
"Fransa üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə davam edəcək", - o əlavə edib.
Qeyd edək ki, Zelenski Avropa İttifaqı Şurasının iclasında iştirak etmək və digər liderlərlə danışıqlar aparmaq üçün Brüsseldə səfərdədir.
Ukrayna Prezidenti Avropa İttifaqının sammiti çərçivəsində Polşanın Baş naziri Donald Tusk, NATO-nun Baş katibi Mark Rütte, Belçika kralı Filip və ölkənin Baş naziri Bart de Veverlə də görüşüb.