Fransa İran İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) ötən ay ölkə üzrə supermarketlərin soyuducu və dondurucu sistemlərinə kiberhücumlar təşkil etməkdə ittiham edib. Hücumlar nəticəsində 700 ticarət obyektində temperatur nəzarəti pozulub və azı 15 yanğın baş verib.
AnewZ-in məlumatına görə, Fransanın xarici işlər naziri Jan-Noel Barro bazar ertəsi hücumu miqyasına və aqressivlik səviyyəsinə görə “misli görünməmiş” adlandırıb. O, hücuma görə məsuliyyət daşıyanlara qarşı Avropa səviyyəsində sanksiyalar tətbiq ediləcəyini bildirib.
Barro hücumun Fransa ərazisində təxribat məqsədli ilk genişmiqyaslı kiberhücum olduğunu, ölkənin maraqlarına və fransızların təhlükəsizliyinə ciddi zərbə vurduğunu deyib. İranın səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırılaraq, nazirin sözləri ilə desək, “çox sərt etiraz” alıb. Barro cavab vermək və belə hücumların təkrarlanmasının qarşısını almaq üçün “zəruri və mütənasib olan digər tədbirlərin” də görüləcəyini qeyd edib.
İran hələlik ittihamlara cavab verməyib. BMT-dəki nümayəndəliyi şərh almaq üçün göndərilən müraciətləri cavablandırmayıb. Tehran zərərli kiber əməliyyatlar həyata keçirdiyini mütəmadi olaraq təkzib edir.
Fransa bu açıqlamanı “Reuters”in müstəntiqlərin hücumların arxasında İranın dayandığından özəl qaydada şübhələndiyi barədə məlumatından bir neçə dəqiqə sonra verib.
İİKK ilə əlaqəli bölməyə qarşı istintaq
Bazar ertəsi Paris prokuroru Lor Bekkyo İİKK ilə əlaqəli hücumçu kiber bölmənin rəhbəri və onun iki müavini barədə istintaq başladıldığını açıqlayıb. Onun sözlərinə görə, bölmənin adı Şəhid Kavədir və o, İİKK-nın elektronika və kiber mərkəzinə bağlıdır.
Fransa kəşfiyyat və kiber qurumlarının birgə hesabatında bölmə ilə əlaqəsi olduğu iddia edilən üç nəfərin — Həmid Rza Ləşkəriyan, Mehdi Ləşkəriyan və Rza Salarvəndin — adları çəkilib. Hesabatda onların fotoları da yer alıb. “Reuters” həmin şəxslərin əlaqə məlumatlarını dərhal tapa bilməyib.
Hesabata əsasən, hakerlər özlərini “CyberAveng3rs” və “Cyber Isnaad Front” kimi qisasçı haker qrupları kimi təqdim edən bir neçə örtük qrup vasitəsilə fəaliyyət göstəriblər.
Fransa müstəntiqlərinin gəldiyi nəticənin əsasları
Hesabatda bildirilir ki, müstəntiqlər Şəhid Kavəni hücumlarla üç əsas üzrə əlaqələndiriblər: soyuduculara müdaxilə üçün istifadə edilən rəqəmsal infrastrukturla bağlı izlər, bölmənin əvvəlki hücumlarına uyğun müdaxilə üsulu və hücum infrastrukturunda fars dilinin izləri. “Reuters” Fransa rəsmilərinin bu nəticəyə dəqiq necə gəldiyini müstəqil müəyyən edə bilməyib. Kiberhücumların mənbəyini müəyyənləşdirmək çətindir, çünki hakerlər olduqları yeri gizlədə bilirlər.
Məsələ ilə tanış olan üç nəfərin sözlərinə görə, “Microsoft” oktyabr hücumlarından azı iki həftə əvvəl İranla bağlılığı özəl qaydada müəyyən etmişdi. “Microsoft” şərh verməkdən imtina edib.
Oktyabrın 11-də hakerlər Fransanın bir çox supermarketində istifadə olunan soyuducu qurğuların temperaturunu tənzimləyən proqram təminatına nəzarəti ələ keçiriblər. Danimarkanın mühəndislik şirkəti “Danfoss” tərəfindən təqdim edilən proqram pərakəndə satışçılara soyuducu qurğuları uzaqdan idarə etməyə imkan verir.
Gecə ərzində temperatur parametrləri dəyişdirilib. Bəzi mağazalarda soyuducuların temperaturunun 50 dərəcəyə (120°F) çatdığı bildirilib. Bəzi qurğular həddindən artıq qızaraq alışıb.
Fransa hesabatında 700 kommersiya obyektinin hədəf alındığı və azı 15 yanğının baş verdiyi qeyd olunur. Obyektlərin əksəriyyəti supermarketlər olsa da, kiçik qəssab dükanları, kəsim məntəqəsi və qida emalı zavodları da hücuma məruz qalıb.
“Coopérative U” şəbəkəsinin 100-dən çox, “Intermarché” və “Netto”nun isə ümumilikdə 180 mağazası zərər çəkib. “Carrefour”, “Monoprix” və “E.Leclerc” mağazaları da hücumdan təsirlənib.
Hücumdan sonrakı saatlarda işçilər xarab olmuş ət və ərimiş dondurma qutularını böyük tullantı qablarına daşıyıblar. Milyonlarla avro dəyərində təzə və dondurulmuş ərzaq məhv olub. Fransada bir supermarket sahibi ölkə üzrə ümumi zərərin on milyonlarla avroya çata biləcəyini təxmin edib.
Kibertəhlükəsizlik üzrə mütəxəssislər daha əvvəl “Reuters”ə hücumun asanlıqla həyata keçirilə biləcəyini deyiblər. Təsirə məruz qalan qurğuların bir çoxunu istehsal edən şirkət bildirib ki, onların bəziləri köhnəlmiş, bəziləri isə proqram təminatının köhnə versiyaları ilə işləyib; bu da sistemlərə müdaxiləni asanlaşdırmış ola bilər.
Bu ayın əvvəlində Avropanın daha yeddi ölkəsində 100-dən çox müəssisəyə qarşı ikinci hücum dalğası baş verib. Belçika və Lüksemburqdakı supermarketlər, eləcə də İsveç, İrlandiya, Niderland, Estoniya və Finlandiyadakı daha az sayda mağaza hücuma məruz qalıb.
Fransadakı qan banklarının soyuducuları da təsirlənib və əməkdaşlar qan ehtiyatlarının bir hissəsini başqa soyuducu anbarlara köçürməli olublar. İki hücum dalğasının əlaqəli olub-olmadığı məlum deyil.
Çərşənbə günü Rusiyaya yaxınlığı ilə tanınan iki haktivist qrupu hücumlara görə məsuliyyəti üzərinə götürüb, lakin onların iddiasına az adam inanıb. Hücumların sadəliyi və bir neçə ölkədə təkrarlanması məsul şəxslərlə bağlı fərziyyələri artırıb.
Nəzərdən keçirilən ehtimallar arasında Rusiyanın Avropada təxribat kampaniyası, ABŞ və İran arasındakı müharibə, eləcə də süni intellektdən istifadə edən kiberhücumların dünyada artması var. Mütəxəssislərin mümkün şübhəlilər siyahısında İran da olub.
ABŞ hərbi bazalarında əvvəlki hadisə
Avropadakı hücumlardan əvvəl ABŞ-da da azı bir oxşar hadisə qeydə alınıb. Avqustda ABŞ-ın azı altı hərbi komissarlığındakı soyuducular fəaliyyətini dayandırıb. Pentaqonun müstəntiqləri nasazlıqları ehtimal olunan kiberhücum kimi araşdırır və “Reuters”in ötən ay verdiyi məlumata görə, fransalı rəsmilərlə əməkdaşlıq edirlər.
Məsələ ilə tanış olan bir nəfər Pentaqonun İranı mümkün şübhəli saydığını, lakin istintaqın davam etdiyini bildirib. Hərbçilərin İranı şübhəli hesab etməsi barədə ilk məlumatı “Nextgov” saytı yayıb.
Pentaqon bazar ertəsi “mümkün kiber hadisə ilə bağlı fərziyyələrdən xəbərdar olduğunu” bildirib. Qurum hərbi müstəntiqlərin işi araşdırdığını, lakin təhlükəsizlik səbəbindən əlavə şərh verə bilməyəcəyini qeyd edib.
“Reuters” ABŞ-dakı hadisələrin, Fransaya hücumların və daha sonra Avropada baş verən hücum dalğasının bir-biri ilə əlaqəli olub-olmadığını müstəqil şəkildə müəyyən edə bilməyib.