Qlobal iqlim dəyişikliyi nəticəsində Avropanın bir sıra bölgələrində müşahidə olunan ekstremal istilər meşə yanğınlarının sayının və miqyasının artmasına səbəb olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Avropa Meşə Yanğınları Məlumat Sistemi (EFFIS) tərəfindən yayılan statistik məlumatlara əsasən, iyul ayında yanğınların sayında kəskin artım qeydə alınıb.
Məlumata görə, iyulun 29-na olan göstəricilərə əsasən, Avropa İttifaqı ölkələrində meşə yanğınları nəticəsində 434 min 976 hektar ərazi məhv olub. Bu göstərici təxminən 4 min 350 kvadratkilometr əraziyə bərabərdir. Yanğınların əhatə etdiyi sahə Lüksemburqun ərazisindən 1,7 dəfə, Maltanın ərazisindən isə təxminən 14 dəfə böyükdür.
Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə yanğınlardan zərər görən ərazilərin həcmi 25 faiz artıb. Mütəxəssislərin sözlərinə görə, cari ilin itkiləri 2006-2025-ci illər üzrə orta göstəricini təxminən 2,5 dəfə üstələyir.
Statistikaya əsasən, ilin əvvəlindən iyulun 29-dək Aİ ölkələrində 1407 meşə yanğını baş verib ki, bu da uzunmüddətli orta göstəricidən iki dəfə çoxdur.
Ən çox zərər görən ölkə İspaniya olub. Bu ölkədə 208 min 420 hektar meşə sahəsi yanıb və ümumi itkilərin təxminən yarısı İspaniyanın payına düşüb. Ölkədə 376 yanğın hadisəsi qeydə alınıb.
Digər ölkələr üzrə göstəricilər belədir:
Fransa – 91 min 24 hektar (322 yanğın);
İtaliya – 69 min 414 hektar;
Portuqaliya – 39 min 801 hektar;
Rumıniya – 11 min 957 hektar;
Yunanıstan – 5 min 696 hektar.
Qeyd edək ki, ötən il Avropa İttifaqı ölkələrində ümumilikdə 1 milyon 79 min hektar ərazi meşə yanğınları nəticəsində məhv olub. Bu göstərici EFFIS-in 2006-cı ildən apardığı müşahidələr tarixində ən yüksək illik nəticə hesab olunur.