Yunanıstanda davam edən güclü meşə yanğınları ağır nəticələrə səbəb olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, yanğınların söndürülməsi zamanı üç yanğınsöndürən həyatını itirib. Onlardan ikisi Krit adasının mərkəzində, "Krya Vrysi" kəndi yaxınlığında alovun arasında qalaraq həlak olub. Üçüncü yanğınsöndürən isə Peloponnes bölgəsində baş verən ayrı bir yanğın zamanı dünyasını dəyişib.
Krit adasında vəziyyət xüsusilə gərgin olaraq qalır. Güclü küləklər alovun sürətlə yayılmasına səbəb olur və yanğınsöndürmə əməliyyatlarını çətinləşdirir.
Məlumata görə, "Krya Vrysi" və ətraf kəndlərin sakinləri, eləcə də turistlər təhlükəsizlik məqsədilə təxliyə olunub. Alovun "Agia Galini" sahil qəsəbəsinə yaxınlaşması səbəbindən turistlər avtobus və şəxsi nəqliyyat vasitələri ilə təhlükəsiz ərazilərə aparılıb.
Hazırda bölgədə 200-dən çox yanğınsöndürən, xüsusi texnika və aviasiya vasitələri ilə alovun qarşısını almağa çalışır.
Yunanıstanın mülki müdafiə qurumları küləyin güclənəcəyi barədə xəbərdarlıq edib və vəziyyətin yaxın saatlarda daha da çətinləşə biləcəyini açıqlayıb.
Avropa İttifaqının fövqəladə hallara cavab mərkəzi Yunanıstan və İtaliyanın qarşıdakı dövrdə yüksək yanğın riski ilə üzləşəcəyini bildirib. İspaniya və Fransa da son günlər meşə yanğınları ilə mübarizə aparır.
Mütəxəssislər qeyd edirlər ki, iqlim dəyişikliyi nəticəsində artan istilər və quraqlıq Avropada meşə yanğınlarının daha tez-tez baş verməsinə və sürətlə yayılmasına səbəb olur.