Filippində "MV June Aster" bərəsində baş verən yanğın nəticəsində ölənlərin sayı 76-ya yüksəlib. Xilasedicilər şənbə günü daha 41 nəfərin yanmış qalıqlarını aşkarlayıblar.
Hadisə zamanı 13 nəfərin taleyi hələ də məlum deyil. Bərə 20 saatdan çox davam edən səfərin sonunda Korona yaxınlaşarkən yanıb. Gəmidə 130-dan çox sərnişin olub.
Cümə günü tapılan 30 meyit Koron limanına gətirildikdən sonra qurbanların şəxsiyyətinin müəyyənləşdirilməsinə başlanılıb. Məhkəmə-tibbi ekspertlər üçün limanda müvəqqəti çadırlar qurulub.
Filippin Sahil Mühafizəsinin məlumatına görə, yanmış qalıqlar gəminin ekonom sinif sərnişin bölməsində aşkarlanıb. Yanğının söndürülməsindən bir gün sonra yanğınsöndürənlər ilk dəfə bərəyə daxil ola biliblər.
Sahil Mühafizəsinin rəsmisi Geronimo Tuvilla əsas prioritetlərin qurbanların şəxsiyyətinin müəyyənləşdirilməsi və yanğının səbəbinin araşdırılması olduğunu bildirib. Dəniz Sənayesi İdarəsi isə sağ qalanların ifadələrinə əsasən, yanğından əvvəl gəminin daxilində iki partlayış səsi eşidildiyini açıqlayıb.
Sağ qalan sərnişinlərdən biri "GMA News"a bildirib ki, əvvəlcə az miqdarda tüstü yaranıb, daha sonra alov saniyələr ərzində bərəyə yayılıb.
Gəminin kapitanının taleyi ilə bağlı da suallar qalır. Sahil Mühafizəsinin sözçüsü, kommodor Noemie Cayabyab kapitanın sağ olduğu barədə məlumat aldığını desə də, onun adı təsdiqlənmiş 43 sağ qalan şəxsin siyahısında yer almayıb.
Filippin 7 600-dən çox adadan ibarət arxipelaqdır və milyonlarla insan əyalətlər və adalar arasında hərəkət etmək üçün bərələrdən və kiçik qayıqlardan istifadə edir. Son hadisə ölkədə baş verən bir sıra ölümcül dəniz qəzallarının davamı olub.