Prezident İlham Əliyev azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir qrup şəxsin cəzanın çəkilməmiş hissəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, aralarında Azərbaycan və xarici ölkə vətəndaşlarının da olduğu şəxslər cəzadan azad olunublar.
Məsələ ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, ölkə başçısının əfv etmə hüququ Konstitusiyada öz əksini tapıb:
"Ölkə prezidentinin əfv etmə hüququ Konstitusiyada təsbit olunub. Ona görə də bu hüquqa uyğun olaraq qərar gerçəkləşdirilib. Sərəncamda iki müharibə iştirakçısının azad olunması xüsusilə sevindiricidir. Çünki bu sərəncam həm də müharibə iştirakçılarına olan diqqətin aydın göstəricisidir. Siyahıda yer alan digər şəxslər isə müxtəlif növ cinayətlər törətmiş xarici ölkə vətəndaşlarıdır. Yəqin ki, müəyyən peşmançılıq və digər motivlər nəzərə alınaraq, onların əməllərinin ictimai təhlükəliliyi ortadan qalxıb. Həm də onlar öz ölkələrinə geri göndəriləcəkləri üçün Azərbaycan üçün hər hansı təhlükə yaratmadıqlarına görə belə bir qərar qəbul olunub".