Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İran və İsrail arasında yenidən alovlanan qarşıdurma fonunda tərəfləri gərginliyi azaltmağa çağırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kallas Kiprdə keçirilən Avropa İttifaqı müdafiə nazirlərinin qeyri-rəsmi görüşündə danışıb.
O bildirib ki, regionun yeni eskalasiyaya deyil, dialoqa ehtiyacı var.
“Dünən gecə vəziyyətin daha bir gərginləşməsinin şahidi olduq. Hesab edirəm ki, regionun gərginləşməyə ehtiyacı yoxdur. Tərəflər danışıqlar masasına oturmalı və razılığa gəlməlidirlər”, - deyə Kallas vurğulayıb.
ABŞ və İran arasında aparılan danışıqlara da toxunan Avropa İttifaqının ali nümayəndəsi problemin diplomatik yolla həll edilməsinin vacibliyini qeyd edib.
Kallas bildirib ki, Avropa İttifaqı atəşkəsin əhəmiyyətini çatdırmaq məqsədilə hər iki tərəflə əlaqə saxlayır.
“Hazırda ən vacib məsələ müharibənin dayandırılması, Hörmüz boğazının açıq qalması və sonrakı mərhələdə nüvə proqramı da daxil olmaqla mürəkkəb məsələlər üzrə uzunmüddətli danışıqların aparılmasıdır”, - deyə o əlavə edib.
Qeyd edək ki, İsrail və İran aprel ayında əldə olunmuş atəşkəs razılaşmasından sonra ilk dəfə iyunun 7-də yenidən hərbi əməliyyatlara başlayıblar. Gərginliyin artmasına İsrailin Beyrutda İranın dəstəklədiyi Hizbullah hərəkatının üzvlərinə qarşı həyata keçirdiyi hücumlar səbəb olub. Tehran isə buna cavab tədbirləri görüb.