Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə ərazisində yerləşdirilən Rusiya nüvə silahlarının çıxarılması ehtimalını istisna etməyib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
"Danışıqlar prosesində hər şey mümkündür. Mən belə variantları istisna etmirəm. Əsas odur ki, sülh olsun. Hansı silahın haradan çıxarılacağı isə bəlkə də sülhün əldə olunmasında əsas məsələlərdən biri olacaq. Buna görə də istənilən qərarı dəstəkləyirəm", - Belarus Prezidenti bildirib.
Lukaşenko əlavə edib ki, qəbul ediləcək qərar Ukraynadakı vəziyyətin nizamlanmasına, insanların həlak olmasının qarşısının alınmasına və Avropada sabitliyin təmin edilməsinə xidmət etməlidir.
"Biz Avropanın coğrafi mərkəzində yerləşirik və sülhün təmin olunmasında son dərəcə maraqlıyıq", - o vurğulayıb.