Türkiyə Ukrayna münaqişəsinin ədalətli və dinc yolla nizamlanması, eləcə də regionda dəniz təhlükəsizliyinin bərpası üçün diplomatik səylərini fasiləsiz davam etdirir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi rəsmi bəyanat yayıb.
Rəsmi bəyanatda Ankaranın regional sabitliyin saxlanılması üçün atdığı addımlara diqqət çəkilib: “Türkiyə münaqişənin dayandırılması üçün fəal səylər göstərir və xüsusilə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl fəaliyyət həyata keçirir”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl məsələyə münasibət bildirərək, Qara dəniz akvatoriyasında mülki ticarət gəmilərinə qarşı təşkil edilən hücumları, bunu kimin törətməsindən asılı olmayaraq, qətiyyətlə pisləyib və bu cür hallarının yolverilməz olduğunu vurğulayıb. Türkiyə lideri münaqişənin Ukraynanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun olaraq başa çatacağına ümid etdiyini qeyd edib.
Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə Rusiya və Türkiyə arasında da danışıqlar davam edir. Sentyabrın 15-də Rusiyanın Türkiyədəki səfiri Sergey Verşinin bəyan edib ki, Moskva və Ankara Qara dənizdə dəniz nəqliyyatının təhlükəsiz hərəkətini təmin edəcək mümkün mexanizmlərlə bağlı ikitərəfli məsləhətləşmələr həyata keçirir.