Kremlin sözçüsü Dmitri Peskov enerji sahəsində atəşkəsi istiqamətində işlərin davam etdiyini bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” Rusiya KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Peskov jurnalistlərə açıqlamasında danışıb.
Peskov, həmçinin Rusiya ilə Ukrayna arasında münaqişənin nizamlanması ilə bağlı gündəlikdə razılaşdırılmış beynəlxalq görüşlərin olmadığını bildirib.
"Washington Post"un ABŞ və Avropa ölkələrinin münaqişənin həlli üçün dörd əsas bənddən ibarət yeni birgə plan hazırladığı barədə məlumatını şərh edən Peskov qeyd edib ki, Ukrayna münaqişəsinin nizamlanması üzrə işlər ayrıca formatda aparılır və bundan sonra da eyni qaydada davam etdiriləcək.
Xatırladaq ki, oktyabrın 11-də ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanın enerji sahəsində atəşkəs barədə razılığa gəldiyini və bunun dərhal qüvvəyə mindiyini açıqlayıb.
Ukrayna Prezidenti isə bu razılaşmaya baxmayaraq, Rusiyanın ölkənin enerji infrastrukturuna hücumlarını davam etdirdiyini bildirib. Moskva Donald Trampın enerji atəşkəsi ilə bağlı açıqlamasına hələlik münasibət bildirməyib.