Yaxın həftə, yaxud aylarda müəllimlərin ikinci sertifikasiya prosesi həyata keçiriləcək.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, keyfiyyətli təhsil naminə müəllimlərin təhsili artırılmalıdır:
"Yaxın həftə və aylarda ikinci dəfə sertifikasiyaya cəlb olunacaq müəllimlər üçün yeni qiymətləndirmə çərçivələri təqdim ediləcək. Yeni çərçivələr əvvəlkindən əsaslı şəkildə fərqlənməyəcək, lakin müəyyən dəyişikliklər olacaq".
E.Əmrullayev bildirib ki, xüsusilə ibtidai sinif müəllimlərinin oxu və oxuyub-anlama bacarıqlarına daha çox diqqət yetiriləcək:
"Bu, xüsusilə ibtidai sinifdə oxu ağırlıqlı olacaq. Bizim üçün ibtidai siniflərdə tədris edən müəllimləri oxuyub-anlama bacarıqlarının yüksək olması çox vacibdir. Çünki əks halda uşaqlara onu öyrədə bilmirlər".
Nazir sertifikasiyanın ilk beşillik mərhələsinin nəticələrini də müsbət qiymətləndirib:
"Sertifikasiyanın nəticələri dərhal deyil, zaman keçdikcə daha aydın görünəcək. Zaman keçdikcə müəllimlər qarşısında qoyulan tələblər də artacaq. Əgər biz təhsilin daha yaxşı, keyfiyyətli olmasını istəyiriksə, müəllimlərimizdən də daha yüksək keyfiyyət standartları gözləməliyik".
O əlavə edib ki, sertifikatlaşdırmanın ikinci mərhələsində müəllimlərin qiymətləndirilməsi ilə yanaşı, əməkhaqqı yanaşmaları ilə bağlı da müəyyən müzakirələr aparılır.