"İran ilə ABŞ arasında əldə olunmuş razılaşmanın rəsmi imzalanma mərasimində İran parlamentinin sədri və danışıqlar heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf ilə ABŞ-nin vitse-prezidenti Cey Di Vens iştirak edəcəklər".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi bildirib.
O bildirib ki, əldə olunan razılaşmada Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması, Hörmüz boğazının açılması, dəniz blokadasının ləğvi və İranın dondurulmuş aktivləri ilə bağlı məsələlər yer alır.
Taxt-Rəvançi qeyd edib ki, imza mərasimi İsveçrədə keçiriləcək, lakin dəqiq yer hələ müəyyən edilməyib.
Onun sözlərinə görə, razılaşma imzalandıqdan sonra nüvə məsələləri ilə bağlı danışıqlara başlanacaq.
Qeyd edək ki, Taxt-Rəvançi bu açıqlamanı İran xarici işlər naziri Abbas Əraqçinin xarici ölkələrin səfirləri və diplomatik nümayəndələri ilə keçirdiyi görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən verib.