Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində təşkil olunan Müdafiə Sənayesi Forumunda çıxış edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, tədbirdə NATO Baş katibi Mark Rutte və Türkiyənin milli müdafiə naziri Yaşar Güler də iştirak ediblər.
Məlumata görə, Cevdet Yılmaz çıxışında NATO-nun “NATO 3.0” adlandırılan yeni mərhələyə daxil olduğunu bildirib. O, bu dövrdə alyans daxilində yük bölgüsünün daha ədalətli şəkildə həyata keçiriləcəyini vurğulayıb.
Türkiyənin müdafiə sənayesində əldə etdiyi nailiyyətlərə toxunan vitse-prezident bildirib ki, ölkə hazırda müdafiə məhsulları ixrac edən dövlətlər arasında 11-ci yerdə qərarlaşıb. Onun sözlərinə görə, əsas hədəf yaxın gələcəkdə ilk 10-luğa daxil olmaqdır.
Yılmaz qeyd edib ki, Türkiyə artıq müdafiə sənayesində qlobal miqyasda ön sıralarda yer almağı hədəfləyən ölkələrdəndir. O, ölkənin hava, quru, dəniz, kiber və kosmos sahələrini əhatə edən geniş məhsul çeşidinə malik olduğunu, Türk Silahlı Qüvvələrinin inventarında yerli istehsal payının 80 faizdən çox olduğunu bildirib.
Vitse-prezidentin sözlərinə görə, Türkiyənin müdafiə və aviasiya ixracı son bir ildə 11 milyard dolları ötüb. O, dünyanın ən böyük 100 müdafiə şirkəti siyahısında 5 türk şirkətinin yer almasını sektorun inkişaf göstəricisi kimi qiymətləndirib.
Cevdet Yılmaz, həmçinin Türkiyənin müdafiə sənayesində çalışan mütəxəssislərin orta yaşının 34 olduğunu, mühəndislərin təxminən yarısının qadınlardan ibarət olduğunu diqqətə çatdırıb.
Çıxışında beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayan Yılmaz müttəfiq ölkələr arasında tətbiq olunan ticarət məhdudiyyətlərinin və sanksiyaların aradan qaldırılmasının zəruri olduğunu bildirib.
O qeyd edib ki, kollektiv təhlükəsizliyin gücləndirilməsi üçün süni maneələr aradan qaldırılmalı, Türkiyə Avropanın müdafiə və təhlükəsizlik təşəbbüslərində tamhüquqlu iştirak etməli, müdafiə sənayesində birgə layihələr və texnoloji əməkdaşlıq genişləndirilməlidir.