Sakit okeanında yerləşən ada dövləti Nauru ölkənin milli dilindəki yazılış və tələffüzə uyğunlaşmaq məqsədilə rəsmi adını Naoero Respublikası olaraq dəyişib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Prezident Devid Adeanq bildirib ki, ölkənin beynəlxalq kodu NRU-dan NRO-ya dəyişdiriləcək.
Bundan başqa, ölkə vətəndaşları artıq "naurulu" deyil, "dei-Naoero" adlandırılacaq.
Hökumətin "Facebook" hesabında yayılan açıqlamada qeyd olunub ki, ad dəyişikliyi ölkənin ənənəvi adına qayıdışını simvolizə edir.
Bildirilib ki, xarici aləmdə "Nauru" kimi tanınan ölkənin adı yerli dildə "Naoero" kimi yazılır və "Nao-ero" kimi tələffüz olunur.
Əvvəlki rəsmi açıqlamalarda yerli adın əcnəbilər üçün tələffüzünün çətin olduğu səbəbindən beynəlxalq aləmdə "Nauru" adından istifadə edilməyə başlandığı, bunun isə xalqın iradəsindən deyil, praktik zərurətdən irəli gəldiyi vurğulanmışdı.
Yanvar ayında konstitusiyaya dəyişiklik layihəsini parlamentə təqdim edən Prezident Devid Adeanq bildirib ki, bu dəyişiklik ölkənin irsini, dilini və milli kimliyini daha düzgün şəkildə əks etdirməyə xidmət edir.
Konstitusiyaya dəyişiklik layihəsi parlamentdə tələb olunan iki səsvermədən də keçsə də, əsas qanunda dəyişikliklərin hüquqi baxımdan tam qüvvəyə minib-minmədiyi barədə hələlik rəsmi məlumat verilməyib.
Hökumət may ayında parlamentin dəyişikliklərin lehinə səs verməsindən sonra məsələnin referenduma çıxarılacağını açıqlamışdı. Lakin ötən həftə yayılan bəyanatda geniş məsləhətləşmələrdən sonra referenduma ehtiyac olmadığı qərarının verildiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, Referendum xalqın iradəsini müəyyənləşdirmək üçündür. Ancaq Naoero adı heç vaxt yox olmayıb, sadəcə tam şəkildə qəbul edilməsini gözləyirdi.
Hökumət həmçinin vurğulayıb ki, Naoero adı xalqın milli kimliyinin ayrılmaz hissəsidir, ölkənin gerbində yer alır, cəmiyyət arasında geniş istifadə olunur və konstitusiya tərəfindən də tanınır.
Prezident Adeanq isə ad dəyişikliyinin yenilənmiş milli qürurun başlanğıcı olacağını bildirib.
Təxminən 12 min əhalisi olan Naoero əhali sayına görə Vatikan və Tuvaludan sonra dünyanın üçüncü ən kiçik dövlətidir.
Mərcan mənşəli kiçik ada dövləti olan ölkə vaxtilə Almaniyanın müstəmləkəsi olub, daha sonra Avstraliyanın idarəçiliyinə keçib və 1968-ci ildə müstəqilliyini qazanıb.
1970-ci illərdə fosfat hasilatından böyük gəlir əldə edən ölkə bu sahənin tənəzzülə uğramasından sonra 1990-cı illərdə ciddi iqtisadi çətinliklərlə üzləşib.
Hazırda isə iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin yüksəlməsi Naoeronun üzləşdiyi əsas təhlükələrdən biri hesab olunur.
Hökumət sahilyanı ərazilərin su altında qalması riskinə qarşı əhalinin və infrastrukturun daha hündür ərazilərə köçürülməsini maliyyələşdirmək məqsədilə investisiya müqabilində vətəndaşlıq proqramı həyata keçirir.