“Bütün dünyanı bir-birinə vuran, beynəlxalq arenada artıq ortaya çıxmış ultraqlobalistlər və qlobalistlərdir”.
Bunu “Operativ Məlumat Mərkəzi – OMM”-ə açıqlamasında politoloq Tofiq Abbasov bildirib.
Onun sözlərinə görə, hazırda beynəlxalq arenada iki əsas düşərgə formalaşıb – ultraqlobalistlər və qlobalistlər. Bu iki cinah arasında müəyyən fərqlər mövcuddur. Qlobalistlər hazırda, şərti desək, Donald Trampın rəhbərliyi altında fəaliyyət göstərirlər. Tramp özünəməxsus dünya nizamı modeli görür və dünyanı dörd, beş, maksimum altı hissəyə bölmək planını həyata keçirməyi qarşısına məqsəd qoyur.
Ultraqlobalistlər isə politoloqun fikrincə, daha uzağa gedən və hətta fantaziyaya qapılan qüvvələrdir. Onların xülyaları həddindən artıq genişdir və onlar dünyanı 10–12 transmilli şirkət vasitəsilə idarə etmək ideyasını gündəmə gətiriblər. Bu düşərgənin əsas istəyi ondan ibarətdir ki, dövlətlər öz suverenliklərini təhvil versinlər, dünya ərazilərə bölünsün və həmin ərazilərin idarəetmə rıçaqları transmilli şirkətlərin əlində cəmlənsin.

Tofiq Abbasov bildirib ki, bu gün dünyada ixtişaşların, toqquşmaların və müharibələrin artmasının əsas səbəbi də məhz bu yanaşmadır. Onun sözlərinə görə, qloballaşmanın yolu ümumiyyətlə ağrılı prosesdir və bu yol kataklizmlərdən, toqquşmalardan keçir. Nə qədər çox müharibə və münaqişə ocaqları yaranarsa, bir o qədər həm qlobalistlərin, həm də ultraqlobalistlərin maraqlarına cavab verir.
Politoloq qeyd edib ki, faktiki olaraq bu qüvvələr idarəetməni yeni bir müstəviyə çıxarmaq niyyəti güdürlər. Qlobalistlər istəyirlər ki, ümumi ixtiyar onların əlində olsun. Məhz bu səbəbdən Donald Tramp bildirir ki, Amerika özünə çəkilməlidir. Tramp uzun müddətdir ABŞ-nin Yaxın Şərqdən çıxmasını arzulayır və bunu hələ birinci prezidentlik dövründə də açıq şəkildə ifadə etmişdi.
Lakin politoloqun sözlərinə görə, bu planı istəməyən əsas tərəf İsraildir. İsrail və ABŞ-dəki yəhudi lobbisi istəyir ki, Amerika Birləşmiş Ştatları daim İsrailin arxasında dursun və ondan siyasi alət kimi istifadə etsin.
Tofiq Abbasov bildirib ki, Rusiya isə açıq şəkildə bəyan edir ki, postsovet məkanında təhlükəsizlik məsuliyyətini öz üzərinə götürür. Rusiya üçün sərhədləri boyunca yerləşən və təhlükəsizlik üçün risk yaradan bölgələr xüsusi əhəmiyyət daşıyır və Moskva bu əraziləri nəzarətdən buraxmaq niyyətində deyil. Çin artıq Sakit okean bölgəsində nəzarəti gücləndirir. Avropa, xüsusilə də Böyük Britaniya isə Avrasiya məkanında, əsasən Qara dəniz hövzəsində və qismən Türküstan, Monqolustan istiqamətində öz payını tapmağa çalışır.
Müsahibimizin fikrincə, hazırda üç-dörd əsas iddiaçı arasında ciddi çəkişmələr gedir və bu çəkişmələrin nəticəsi olaraq dünyada dağıdıcı potensial sürətlə artır:
“Bütün bu proseslər fonunda milli suverenliyin keşiyində durmaq ən vacib məsələdir. Çünki dövlətlər hələ öz funksiyalarını tam şəkildə yerinə yetirməyiblər. İnsan cəmiyyəti hələ o səviyyədə deyil ki, bütün münaqişələri sakit və qarşılıqlı anlaşma yolu ilə həll edə bilsin”.
Tofiq Abbasov qonşu Ermənistanla münasibətlərə də toxunaraq bildirib ki, ermənilər daim iddiaçı mövqedə çıxış edirlər, başqalarından nəsə tələb edirlər və başqasının malında gözləri olur. Bu baxımdan dövlətlərin funksiyası hələ bitməyib, əksinə, yeni dünya nizamının formalaşmasında onlar əsas rol oynamalıdır.
Politoloq ultraqlobalistlərin fəlsəfəsini daha başıpozuq adlandırıb. Onun sözlərinə görə, bu düşərgə “müasir insan” yaratmaq, onu kodlaşdırmaq, sosial reytinqlərlə idarə etmək ideyasını irəli sürür. Dövlət, xalq, millət, ailə, milli və mənəvi dəyərlər ultraqlobalistlər üçün heç bir əhəmiyyət daşımır. Onlar insanı idarə olunan biokütlə formasına salmağı qarşılarına məqsəd qoyublar.
Tofiq Abbasov bildirib ki, bu yanaşma “qızıl milyard” konsepsiyası ilə üst-üstə düşür. Ultraqlobalistlər özləri üçün keyfiyyətli və ekoloji məhsullar nəzərdə tutduqları halda, qalan insan kütləsini həşəratlar və alternativ qida vasitələri ilə dolandırmaq niyyətindədirlər. Guya bu məhsullarda protein və bioloji aktiv maddələr çoxdur və bununla insanları yaşatmaq mümkündür:
"Qlobalistlərlə ultraqlobalistlər arasındakı əsas fərq də məhz burada üzə çıxır. Ultraqlobalistlər sözün əsl mənasında Allahsızdırlar. Qlobalistlər isə dini, mənəvi dəyərləri və ənənələri müəyyən qədər hörmətlə qarşılayır və bunları insanların şəxsi seçimi kimi qəbul edirlər.
Ultraqlobalistlər üçün üçüncü cins məsələsi də məhz bu yanaşmanın tərkib hissəsidir. Onlar nə qadın, nə kişi anlayışını qəbul edir və üçüncü cins ideyasını irəli sürürlər ki, bu da ilahi qanunlara ziddir".
Politoloq hesab edir ki, bütün bu proseslərin məqsədi insanların bir-birinə qarşı savaşması, müharibələrin fasiləsiz davam etməsi, insan kütləsinin azalması və nəticə etibarilə resursların, marşrutların və dəhlizlərin ələ keçirilməsidir.
İran məsələsinə toxunan Tofiq Abbasov bildirib ki, İran hazırda öz səhvlərinin nəticələrini yaşayır. Onun sözlərinə görə, Qərb və İsrail İrana qarşı “B planı”nı həyata keçirir. Bu plan reformator və liberal adı altında çıxış edən siyasətçilər – Məsud Pezeşkian, Cavad Zərif, Həsən Ruhani, Məhəmməd Xatəmi kimi şəxslər vasitəsilə icra olunub.
Politoloq vurğulayıb ki, İranda ilk böyük devalvasiya məhz Həsən Ruhaninin dövründə baş verib. Bu qüvvələr İranın Qərblə barışmasının tərəfdarı kimi çıxış ediblər. Halbuki tarix göstərir ki, Qərb üçün dostluq və müqəddəs anlayışlar yoxdur, əsas məqsəd yalnız maraqlar və resurslardır. Məhəmmədrza Pəhləvinin taleyi də bunun açıq sübutudur.
“Hazırda İranda hakimiyyət daxilində parçalanma mövcuddur və Pezeşkian müəyyən mənada İranın Qorbaçovu rolunda çıxış edir. Digər tərəfdə isə Ali dini lider Əli Xameneinin tərəfdarları və İslam İnqilabı Keşikçiləri Korpusu dayanır”,- deyə o, əlavə edib.
Sonda politoloq qeyd edib ki, problemin həlli küçələrdə deyil, masa arxasındadır. Diplomatiya burada əsas rol oynamalıdır. Bununla yanaşı, güc amili də mövcuddur və kimin arxasında daha güclü sosial baza olarsa, üstünlüyü də o əldə edəcək.
Afət ZİYADQIZI