Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyasının qrup toplantısında çıxış edərək Avropa İttifaqının (Aİ) Türkiyəyə münasibəti ilə bağlı sərt açıqlamalar verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Baxçalı Aİ-nin strateji muxtariyyət barədə bəyanatlarına baxmayaraq, qurumun hələ də Vaşinqtonun təsir dairəsindən tam çıxa bilmədiyini bildirib.
Məlumata görə, MHP sədri Avropanın öz daxili problemlərini və ikili standartlarını insan haqları mövzusu ilə ört-basdır etməyə çalışdığını deyib və bu yanaşmanın Türkiyə üçün qəbulolunmaz olduğunu vurğulayıb. O qeyd edib: “Türk millətinə forma biçəcək dərzi hələ anadan olmayıb. Avropa İttifaqı həddini bilməlidir.”
Bildirilib ki, Baxçalı Türkiyə ilə Aİ arasındakı tarixi inteqrasiya prosesinə də toxunub. O, 1959-cu ildən bu yana davam edən yaxınlaşmanın Aİ tərəfindən qərəzli şəkildə ləngidildiyini iddia edib.
Qeyd olunub ki, siyasətçi xüsusilə viza rejiminin liberallaşdırılması prosesinin uzun müddətdir yubadıldığını, Gömrük İttifaqının yenilənməsinin ləng getdiyini və danışıqlar fəsillərinin siyasi səbəblərlə bloklandığını bildirib.
Məlumata görə, Baxçalı Aİ-nin Türkiyəyə verdiyi vədləri yerinə yetirmədiyini, prosesi isə bəzi üzv ölkələrin siyasi maraqlarına qurban verdiyini iddia edib. O həmçinin beynəlxalq gündəmdə olan bəzi regional məsələlərə toxunaraq Livan və Hörmüz boğazı ilə bağlı razılaşmaların icrasının vacibliyini vurğulayıb.