Avropa İttifaqı (Aİ) Komissiyasının genişlənmə üzrə üzvü Marta Kos Brüsseldə keçirilən “Bağlantısallıq Gündəmi Platforması”nın açılışında Türkiyənin strateji əhəmiyyətinə dair açıqlamalar verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Marta Kos Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun tədbirdə iştirakını yüksək qiymətləndirib.
Məlumata görə, Aİ rəsmisi rəsmi Ankara ilə təmasların davam etdiriləcəyini bildirib.
O qeyd edib ki, yaxın günlərdə türk rəsmilərlə görüşlər keçiriləcək, ayın sonunda isə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas və Aİ-nin daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Brunner ilə birlikdə Türkiyəyə səfər planlaşdırılır.
Bildirilib ki, Marta Kos Aİ–Türkiyə münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdiyini vurğulayıb, lakin hazırkı mərhələdə üzvlük prosesində irəliləyiş olmadığını qeyd edib.
Onun sözlərinə görə, əsas diqqət “bağlantısallıq” gündəliyinə yönəlib və bu istiqamətdə ciddi potensial mövcuddur.
Qeyd olunub ki, Kos Türkiyənin iştirakı olmadan regional layihələrin uğurlu olmasının mümkün olmadığını bildirib. O, xüsusilə “Orta Dəhliz” layihəsinə toxunaraq “Türkiyənin güclü iştirakı olmadan güclü bir Orta Dəhliz, həmçinin rəqəmsal, enerji və ticarət əlaqələrinin inkişafını təsəvvür etmək çətindir” ifadəsini işlədib.
Məlumata görə, Aİ rəsmisi Türkiyə Xarici İşlər Nazirliyindən bağlantısallıq layihələri ilə bağlı təkliflər aldıqlarını, bu təşəbbüslərin digər ölkələrin təqdim etdiyi layihələrlə birlikdə qiymətləndirildiyini və prosesin davam etdiyini qeyd edib.