ABŞ prezidenti Donald Tramp İranın Hörmüz boğazının yenidən açılması ilə bağlı son təklifinə müsbət yanaşmır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Tehranın irəli sürdüyü təşəbbüsdə nüvə proqramı üzrə müzakirələrin növbəti mərhələyə saxlanılması nəzərdə tutulurdu.
Rəsmilər hesab edirlər ki, nüvə məsələləri həll olunmadan boğazın açılması rəsmi Vaşinqtonun əlindəki təzyiq rıçaqlarını zəiflədə bilər.
Qlobal enerji bazarının ən strateji keçid nöqtələrindən biri olan Hörmüz boğazı fevralın 28-də ABŞ və İsrailin birgə hücumlarından sonra İran tərəfindən gəmilərin hərəkəti üçün bağlanmışdı. Bu qərar qlobal bazarlarda neft qiymətlərinin müharibədən əvvəlki dövrlə müqayisədə 65 faizə qədər artmasına səbəb olub.
Aprelin 8-də tərəflər arasında əldə olunan atəşkəs razılaşmasından sonra Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsiz qalıb. Bunun ardınca, aprelin 13-də Tramp İrana qarşı dəniz blokadası tətbiq etmək qərarına gəlib və boğaza daxil olan İranla əlaqəli gəmilərə müdaxilələr başlayıb. Aprelin 17-də Livanda atəşkəs əldə edildikdən sonra Tehran ticarət gəmilərinin keçidinə icazə verəcəyini açıqlasa da, ABŞ-nin blokadanı davam etdirməsi səbəbindən məhdudiyyətlər yenidən bərpa olunub.
Sonrakı mərhələdə gərginlik daha da artıb. Belə ki, ABŞ Ümman dənizi və Hind okeanında İrana məxsus bəzi ticarət gəmilərini ələ keçirib. Buna cavab olaraq isə rəsmi Tehran Hörmüz boğazı yaxınlığında, o cümlədən İsraillə əlaqəsi olan bir neçə gəmiyə müdaxilə edərək onları müsadirə edib.