Çin BRİKS ölkələri arasında böyük dil modelləri üzrə əməkdaşlığı təşviq etmək məqsədilə açıq mənbə platformasının yaradılmasına rəhbərlik edəcək. Bu barədə Çinin dövlət başçısı Si Cinpin Hindistanın Yeni Dehli şəhərində keçirilən BRİKS sammitində çıxışı zamanı bildirib.
Si Cinpin BRİKS ölkələrini qlobal süni intellekt idarəçiliyi çərçivəsinin yaradılması istiqamətində səyləri sürətləndirməyə, həmçinin ticarət əlaqələrini dərinləşdirməyə çağırıb. Dövlət televiziyası CCTV-nin Si Cinpinin çıxışından yaydığı məlumata görə, təşəbbüs BRİKS ölkələri üçün “süni intellekt üzrə ixtisaslaşmış tədqiqat və təlim” proqramlarının yaradılmasını da nəzərdə tutur.
Bu addımların məqsədi “süni intellekt üçün açıq ekosistem” qurmaqdır. Si Cinpin, həmçinin BRİKS şirkətləri üçün xüsusi iqtisadi zonanın yaradılmasını təklif edib və ticarət, eləcə də investisiya əlaqələrini genişləndirmək məqsədilə gələn il Çində BRİKS Xidmət Ticarəti Forumunun keçiriləcəyini açıqlayıb.
O bildirib ki, BRİKS praktiki əməkdaşlıq üçün möhkəm təməl formalaşdırmalıdır. Sammitin yekun iclasında Si Cinpin “Böyük BRİKS” ölkələrini əməkdaşlığı gücləndirməyə, sənaye və təchizat zəncirlərinin sabitliyini qorumağa, eləcə də inteqrasiya olunmuş bazar yaratmağa çağırıb.
BRİKS-in adı qurumun ilk üzvləri olan Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın ingiliscə adlarının baş hərflərindən yaranıb. Qərbin rəhbərlik etdiyi “G7” kimi qurumlara qarşı alternativ mövqe tutan blokun tamhüquqlu üzvləri sırasına hazırda İran, İndoneziya, Misir, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləri də daxildir. Bundan başqa, qurumun təxminən 10 tərəfdaş ölkəsi var.
Hindistanın Baş naziri Narendra Modi bildirib ki, BRİKS çərçivəsində hazırlanan həllər yalnız üzv ölkələrlə məhdudlaşmamalı, Qlobal Cənubun ehtiyaclarına uyğunlaşdırılaraq əlçatan edilməlidir. Rusiya Prezidenti Vladimir Putin isə BRİKS-i daha ədalətli və çoxqütblü dünya nizamının yaradılmasına aparan güclü qüvvə adlandırıb.
Sammit Yaxın Şərqdə İran və ABŞ arasında, eləcə də İranın dəstəklədiyi husilərlə Səudiyyə Ərəbistanı arasında döyüşlərin yenidən intensivləşdiyi bir vaxtda keçirilib. Şənbə günü sammit iştirakçıları İran və BƏƏ-nin də dəstəklədiyi birgə bəyanat qəbul ediblər. Bəyanatda Yaxın Şərqdə gərginliyin davam edən eskalasiyasından ciddi narahatlıq ifadə olunub və tərəflər maksimum təmkin nümayiş etdirməyə çağırılıb.
Sammit çərçivəsində İran Prezidenti Məsud Pezeşkian Əbu-Dabi vəliəhdi Şeyx Xalid bin Məhəmməd bin Zayed Əl Nəhyanla görüşüb. Bu, münaqişənin başlanmasından sonra iki ölkənin rəsmiləri arasında ən yüksək səviyyəli görüş olub.