Çin təkrar istifadə oluna bilən raket texnologiyalarının inkişafında mühüm mərhələyə çatıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Çin dəniz platformasında yerləşən xüsusi tor sistemi vasitəsilə raket sürətləndiricisini uğurla geri qaytarıb.
Dövlət televiziyası “CCTV”-nin məlumatına görə, sınaq Hainan kosmik buraxılış meydanından start götürən “Long March 10B” raketi ilə həyata keçirilib.
Sınaq zamanı raketin yuxarı pilləsindən ayrılan sürətləndirici təxminən altı dəqiqə sonra dəniz platformasında quraşdırılmış tor sisteminə şaquli eniş edib.
Bu hadisə Çinin orbital səviyyəli raket komponentlərinin bərpası sahəsində ilk uğurlu sınağı kimi qiymətləndirilir.
Sınaqdan sonra Çinin aerokosmik şirkətlərinin, o cümlədən “China Spacesat” və “China Satellite Communications” şirkətlərinin səhmlərində artım müşahidə olunub.
“Long March 10B” raketi təkrar istifadə oluna bilən raket texnologiyasında lider hesab edilən ABŞ-nin “SpaceX” şirkətinin “Falcon 9” raketi ilə müqayisə edilir.
Lakin Çin texnologiyası fərqli mexanizmə əsaslanır. “Falcon 9” raketi xüsusi eniş ayaqları vasitəsilə platformaya enirsə, Çin sistemində sürətləndiricinin üzərində yerləşən xüsusi “eniş qarmaqları” və dəniz platformasındakı tor qurğusundan istifadə olunur.
Mütəxəssislərin fikrincə, təkrar istifadə edilə bilən raket texnologiyaları kosmik sənayedə əsas rəqabət istiqamətlərindən birinə çevrilib. Bu texnologiya buraxılış xərclərini azaltmağa və daha çox kosmik missiyanın həyata keçirilməsinə imkan verir.
ABŞ-nin “SpaceX” şirkəti 2015-ci ildən etibarən bu sahədə sürətli inkişaf əldə edib və “Falcon 9” raketləri ilə müntəzəm buraxılışlar həyata keçirir.
Çin rəsmiləri isə bildirirlər ki, yeni texnologiya ölkənin 2030-cu ilə qədər həyata keçirməyi planlaşdırdığı insanlı Ay missiyaları üçün strateji əhəmiyyət daşıyır.