Rusiya qüvvələri tərəfindən Ukraynanın paytaxtı Kiyevə endirilən kütləvi raket zərbələri nəticəsində mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Hücumlar zamanı raketlərin bir qismi Azərbaycanın Ukraynadakı səfirliyinin yerləşdiyi Şevçenko rayonuna düşüb. Məlumata görə, bəzi raketlər diplomatik nümayəndəlikdən 300 metr məsafədə partlayıb, nəticədə səfirliyin pəncərələri sınıb.
Səfirlik yaxınlığındakı ərazilərə endirilən zərbələr ciddi dağıntılara səbəb olub:
- “Lukyanovka” bazarı və “Kvadrat” ticarət mərkəzi tamamilə yanaraq yararsız hala düşüb.
- Bir sıra yaşayış binalarında dağıntılar qeydə alınıb.
Kiyev şəhər meri Vitali Kliçko bildirib ki, hava hücumları nəticəsində azı 2 nəfər həlak olub, 40-dan çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan 28 nəfəri xəstəxanaya çatdırılıb, onlardan 3-nün vəziyyəti ağır olaraq qalır. Xilasetmə və təmizləmə işləri davam etdirildikcə, ölü və yaralıların sayının dəyişə biləcəyi istisna edilmir.