Rusiyanın Ukraynanın Xarkov şəhərinə və ətraf bölgələrə endirdiyi dron və raket zərbələri nəticəsində genişmiqyaslı dağıntılar baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yerli rəsmilərin verdiyi məlumata görə, hücumlar nəticəsində şəhərin və regionun 80%-i elektrik enerjisiz qalıb.
"Politico": Kallas Ursula fon der Lyayeni "diktator" adlandırır
Xarkov vilayətinin qubernatoru Oleh Sinequbov "Telegram" kanalı vasitəsilə yaydığı video-müraciətdə iki nəfərin yaralandığını bildirib.
"Enerji sistemimiz hücuma məruz qalıb və kifayət qədər ciddi zərər görüb. Bütün briqadalar fəsadların tezliklə aradan qaldırılması üçün çalışır" - deyə Sinequbov qeyd edib.
O, həmçinin əlavə edib ki, davam edən hava hücumu təhlükəsi təmir işlərini çətinləşdirir.
Şəhər meri İqor Terexovun sözlərinə görə, havanın temperaturunun mənfi 14 dərəcəyə düşdüyü bir vaxtda enerji obyektlərindən biri hədəf alınıb. Hücum zamanı bir məktəb binasına da ciddi ziyan dəyib.
Sosial şəbəkələrdə paylaşılan görüntülərdə Rusiya sərhədindən 30 km məsafədə yerləşən şəhərin tamamilə qaranlığa qərq olduğu və binaların daxili hissələrinin dağıldığı əks olunub.
Eyni zamanda, Ukrayna Prezidenti Volodimir Zelenskinin doğma şəhəri olan Krivoy Roqda da dron hücumu qeydə alınıb. Şəhər hərbi administrasiyasının rəhbəri Oleksandr Vilkulun "Telegram"da paylaşdığı məlumata görə, çoxmərtəbəli yaşayış binasına dəyən zərbə yanğına səbəb olsa da, sakinlər təhlükəsiz şəkildə təxliyə edilib.